Mirzoyanın Aİ Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir – XİN

Bakı. Trend:

24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat
Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr
Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz
nümunəsidir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın
Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına
dair şərhində deyilir.

Şərhdə bildirilir:

“Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış
vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir.
Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının
yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan Baş naziri
Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri
Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər
səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını
təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il
müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə
nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin
bu avantürasının qarşısının alınması zəruridir.

Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə
götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni
silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan
ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın
yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata
keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii
sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının
Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.)
Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq
təşkilatlara, habelə Parlamentlərə təqdim olunmuş danılmaz faktlara
bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini
növbəti dəfə cəsarətləndirib. Eyni zamanda, Ermənistan xarici işlər
nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə
bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış,
sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan
ruhlandığı aydın olur.

Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn
norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış
ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal
altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan,
azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə
əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsini yerinə yetirməyən Ermənistanın ərazilərimiz işğaldan
azad olunandan sonra beynəlxalq hüquqa və beynəlxalq qaydalara
istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması və müdaxilə
etməyə çağırması absurddur.

Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda
(bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh
sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi
barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin
həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. Ermənistan tərəfi sülh
gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla
müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün
əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq
prosesə maneçilik törədib.

Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın
“eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi
əsassızdır. Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın 9-cu
bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat
vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin
təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və
Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin
yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən
maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə
əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kv. km
ərazilərini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin
Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi
təəccüb doğurur.

Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq
müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını
adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən,
müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının
yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh
sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq
danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması
narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha
ölçüb-biçməsi zəruridir.

Öz milli siyasətini azərbaycanlılara və türklərə qarşı nifrət
zəminində qurmuş və bütün addımlarında bunu nümayiş etdirən,
ümumiyyətlə ərazisində yaşayan bütün etnik xalqları məhv və
deportasiya edən ölkənin Azərbaycanı ermənilərə qarşı nifrətdə
təqsirləndirməsi qəbuledilməzdir.

Azərbaycanın məqsədinin guya “etnik təmizləmə” və erməni
sakinlərin “deportasiyası” olduğu barədə əsassız iddialara
gəldikdə, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və
kütləvi qırğınlar həyata keçirmiş Ermənistan tərəfinin xalqların
hüquqlarının təmin edilməsi sahəsində fikir söyləmək üçün mənəvi
haqqı yoxdur.

Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistan
tərəfindən dəfələrlə səsləndirilmiş və sonuncu çıxış zamanı da
təkrarlanmış ideyalarla əlaqədar qeyd edək ki, Azərbaycanın təbii
sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan
Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə
tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan
sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc
etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin
yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər
Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə
son qoyulması zəruridir.

Azərbaycan bundan sonra da öz milli maraqlarının və
təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri
görməyə davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir