Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri 44 günlük müharibə ilə bağlı erməni feykini təkzib edib

Bakı. Trend:

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak
“Azatutyun”a müsahibəsində bildirib ki, Ukrayna Azərbaycana Qarabağ
müharibəsində istifadə olunacaq silahlar tədarük etməyib.

Jurnalistin Ukraynanın Azərbaycana Qarabağ müharibəsində
istifadə olunan silahlar, xüsusən də fosfor bombalarını
verib-verməməsi ilə bağlı sualına Podolyak mənfi cavab verib və
Ukraynanın rəsmi olaraq neytral statusa malik olduğunu və
silahların istənilən yerə, xüsusən də qaynar nöqtələrə çatdırılması
imkanlarını minimuma endirdiyini bildirib.

“Ukrayna rəsmi olaraq neytral statusa malikdir. Və imkan
daxilində biz hər yerə, xüsusən də münaqişə nöqtələrinə silah
tədarükü imkanlarını minimuma endirmişik. Bəli, bizim silah satışı
seqmentimiz var idi, lakin bu, adətən tam müqavilələr, ixrac
nəzarəti və s. olan “bəyaz” silah satışı idi. Münaqişəni
qızışdırmaq və ya təhrik etmək məqsədilə bu və ya digər ölkənin
mübahisəli, münaqişəli vəziyyətlərində iştirakının mənası yoxdur”,
– deyə Podolyak bildirib.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan
diaspor təşkilatlarının nümayəndələrinin köməyi ilə Azərbaycanın
guya fosfor bombalarından istifadə etdiyi barədə xaricdə feyk
xəbərlər yayıb.

Amma sübutlar var ki, 44 günlük müharibə zamanı bu cür qadağan
olunmuş sursatlardan məhz Ermənistan istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ildə bəyan edib ki,
Ermənistan silahlı qüvvələrinin birinci birləşmiş ordusunun 37-ci
atıcı diviziyasının üçüncü motoatıcı alayının bölmələrinə külli
miqdarda fosfor tərkibli yüklər çatdırılıb.

Ermənistan tərəfi bundan əvvəl də Azərbaycana qarşı fosfor
bombalarından istifadə edib.

2020-ci il oktyabrın 8-də Ermənistan tərəfdən Füzuli rayonu
ərazisinə 122 millimetrlik yandırıcı top mərmisi atılıb. Onun
tərkibində 3,6 kiloqram ağ fosfor olub.

Ermənistan atəşkəs dövründə də Azərbaycana qarşı fosfor
bombalarından istifadə edib. Hələ 2016-cı ildə Ermənistan Tərtər
rayonunun Əskipara kəndinə fosfor bombası atmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir