2023-cü ildə ABŞ ÜDM-in artımı cəmi 0,4% olacaq – BMT

Bakı. Trend:

2023-cü ildə ABŞ və Avropa ölkələri öz iqtisadiyyatlarının
artımında kəskin ləngimə ilə üzləşəcəklər – ABŞ-da bu 0,4%, Aİ-də
0,2% artım, Böyük Britaniyanın ÜDM-i isə 0,8% azalacaq.

Trend xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial
Məsələlər Departamentinin “Dünyada iqtisadi vəziyyət və onun
2023-cü ildə inkişaf proqnozları” hesabatında deyilir.

“ABŞ, Aİ və digər qabaqcıl iqtisadiyyatlarda iqtisadi artım
tendensiyası səngiyib və dünyanın qalan hissəsinə mənfi təsir edib.
Mövcud proqnozlara görə, 2023-cü ildə ABŞ ÜDM-i cəmi 0,4% artacaq,
halbuki 2022-ci ildə artım 1,8% təşkil edib. Faiz dərəcələrinin
artması, real gəlirlərin azalması və ev təsərrüfatlarının ümumi
iqtisadi potensialının əhəmiyyətli dərəcədə azalması səbəbindən
istehlakın azalması gözlənilir”, – deyə hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, “ipoteka faizlərinin artması
və tikinti xərcləri mənzil bazarına ağır təsir göstərməkdə davam
edəcək, bu səbəbdən yaşayış daşınmaz əmlakına uzunmüddətli
investisiyaların daha da azalması gözlənilir”.

Aİ ölkələrində iqtisadi artım, BMT-nin proqnozuna görə, 2023-cü
ildə cəmi 0,2% olacaq ki, bu da dünya təşkilatının hesablamalarına
görə 3,3% təşkil edən 2022-ci ildəki artımdan əhəmiyyətli dərəcədə
aşağıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir