Avropa Şurasının mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim
adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və
məktəblərinin Avropada tanıdılması məqsədilə Azərbaycanın Avropa
Şurası yanında daimi nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən
Avropa Şurasının (AŞ) mənzil-qərargahında Azərbaycan xalçalarının
sərgisi təşkil edilib. Sərgi Azərbaycanın Avropa Şurasına
üzvlüyünün 22-ci ildönümü ilə üst-üstə düşür.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı
təşkil olunmuş sərgi fevralın 3-dək avropalı xalça sevərlər üçün
açıq olacaq. Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini
ehtiva edən xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran
vasitəsi ilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça
toxucularımızdan bəhs edən film nümayiş olunur.

Heydər Əliyev Fondu tərəfindən çap edilmiş, Azərbaycan xalça
tarixi və məktəblərini təşviq edən nəfis kitablar təqdim olunur.
Nümayiş olunan ornamentli rəngbərəng xalçalara əlavə edilmiş
fotolar xalçaçılıq haqqında daha geniş məlumat verir.

Sərgini giriş sözü ilə açan Azərbaycanın Avropa Şurası yanında
daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov 2001-ci yanvarın 25-də
Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının Ümummilli
lider Heydər Əliyevin iştirakı ilə təşkilatın mənzil qərargahı
qarşısında qaldırıldığını xatırladıb. Üzvlüyümüzün ötən dövrdəki 22
ilinə nəzər salan F. İsmayılov bu müddətdə çoxsaylı uğurların əldə
edildiyini vurğulamaqla bərabər, müxtəlif illərdə Avropa Şurası ilə
münasibətlərdə enişli-yoxuşlu dövrlərin olduğunu qeyd edib. O, bu
gün Azərbaycan Respublikasının Avropanın demokratik millətlər
ailəsinə mənsub olduğunu və Avropanın multikultural kimliyinə öz
dəyərli töhfələrini verdiyini vurğulayıb.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç çıxış
edərək, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz və canlı
xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin
yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu bildirib. O,
AŞ-nın “müxtəliflikdə birlik” anlayışı ilə mədəniyyət sahəsinə
böyük önəm verdiyini söyləyib. AŞ Baş katibi Azərbaycanın artıq 22
ildir Avropa Şurasına üzv olduğunu və qurumun çox saylı
konvensiyalarını imzaladığını və ratifikasiya etdiyini bildirib.
Azərbaycan həmişə mədəniyyətlər və dinlər arası dialoqa xüsusi
əhəmiyyət verdiyini vurğulayaraq, bu sahədə ölkəmizin xüsusi rolunu
qeyd edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin
sədri Emin Məmmədov çıxış edərək, rəhbərlik etdiyi “Azərxalça”nın
tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından
fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham
Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Xalqımızın
zəngin və nadir mədəni irsi olan xalçaçılıq sənəti haqqında
danışaraq, nəsildən-nəslə ötürülməsinin əhəmiyyətindən danışıb.
Xalçaçılıq üzrə Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz
açıb. “Azərxalça”nın əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub
saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu
deyib. Xalçaçılıq sənətinin incəsənətin bir neçə sahəsinin
nümayəndələrinin məhsulu olduğunu vurğulayıb. Nadir xalçaların
ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də
dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla
müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim
inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça”da dünyada nadir
sənət əsərləri olan xalçalar toxunduğunu xüsusi qeyd edib.

Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus xalça Avropa
Şurasına hədiyyə edilib.

Qeyd edək ki, sərginin açılışına Avropa Şurasının Baş katibi
Mariya Peyçinoviç Buriç, AŞ-ı katibliyinin əməkdaşları, AŞPA qış
sessiyasına gəlmiş müxtəlif Avropa ölkələrinin parlamentariləri,
AŞPA-da və Avropa İnsan Hüquqları Məhkəməsində çalışan
həmvətənlərimiz, eləcə də yerli ictimaiyyətin üzvləri qatılıb.
Sərgi qurumun mənzil qərargahına səfər edən turistlər tərəfindən də
ziyarət edilir və onlara xalçaçılıq sənəti və məktəblərimiz
haqqında məlumat verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir