Azərbaycanda bu tələb aradan qaldırılır

Bakı. Trend:

Torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq
məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması
tələbi aradan qaldırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Aqrar
siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə
çıxarılan”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini
tapıb.

Qeyd edilib ki, qanun layihəsi “Aqrar sahədə istehsalın və emal
sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının
icrası çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlardan (o
cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən) istifadə
sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların
icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və
bu sahədə nəzarətin gücləndirilməsini məqsədilə hazırlanıb.

Belə ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı
torpaq sahələrinin icarəyə verilməsi mexanizminin
təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılınası, habelə
vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin
şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin
elektronlaşdırılmasına ehtiyac yaranmışdır. Layihədə kənd
təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin
“Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə
həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda bu sahə üzrə torpaq
istifadəçilərinin və təsərrüfatların qeydiyyatı EKTİS vasitəsilə
aparılır, həmçinin dövlət dəstəyinin tətbiq edilməsi üçün zəruri
informasiyaların sistemə daxil edilməsi təmin olunur.

Bununla da torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların
işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada
təşkili həyata keçiriləcək, torpaqların icarəyə (istifadəyə)
verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət
reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək,
icarəçilərin (istifadəçilərin) rahatlığını təmin etmək üçün müddəti
on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə
birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir