Ermənistan regional layihələrdən kənarda qala bilər – Kamaləddin Qafarov

Bakı. Trend:

“Ölkə Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya
İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi:
Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı zamanı
moderatorun suallarını cavablandırarkən Orta Dəhlizin bir çox
üstünlüklərini qeyd edib. Bu ildən etibarən Azərbaycanın neftin
tranzitini artıq həm də Qazaxıstandan etməyə başladığını diqqətə
çatdıran Prezidentimiz bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün
də istifadə etmək potensialının mövcudluğunu qeyd etdi və bildirdi
ki, bunun üçün də bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya,
Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq
aparılmalıdır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.

Deputat Prezident İlham Əliyevin tezliklə Bakıda azad iqtisadi
zonanın açılışı ilə bağlı verdiyi açıqlamanın da əhəmiyyətini qeyd
edib: “Möhtərəm dövlət başçımız bugünkü reallıqlar fonunda tranzit
ölkəsi olmağın vacibliyini vurğulamaqla yanaşı, ölkəmiz üçün bunun
yeni iş yerlərinin açılması və yerli istehsalın daha da artması
baxımından da xüsusilə əhəmiyyətli olduğunu qeyd etdi. Məhz bu
səbəbdən Azərbaycan hazırda iqtisadiyyatın şaxələndirilməsi
üzərində ciddi iş aparır ki, bu da ölkəmizə ixracı şaxələndirməyə
imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Orta Dəhliz
üzərində və Şimal-Cənub marşrutu boyu yerləşməsi Azərbaycan üçün
əlavə biznes imkanları yaradır. Prezident İlham Əliyev tezliklə
Bakıda, dəniz limanının yaxınlığında yerləşən azad iqtisadi zonanın
açılışı olacağını diqqətə çatdırdı və bildirdi ki, bu azad iqtisadi
zona istehsal müəssisələrinin fəaliyyəti və şirkətlərin investisiya
yatırması üçün əlverişli yer olacaq. Əlbəttə ki, uğurun əldə
olunması üçün biznes mühitinin təkmilləşdirilməsi mühüm
amillərindən biridir. Lakin təkcə biznes mühiti kifayət deyil,
tərəfdaş ölkələr arasında siyasi əlaqələrin vəziyyəti də son dərəcə
mühümdür. Bu baxımdan qlobal miqyasda ən mehriban münasibətlərə
əsaslanan Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə,
Gürcüstan-Türkiyə ikitərəfli əlaqələri və
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri həqiqətən də
unikallığı ilə seçilir. Beləliklə, beynəlxalq dəhlizin bu tərəfində
bütün məsələlər həll olunub. Lakin dövlətimizin başçının dediyi
kimi, Şərq-Qərb istiqamətinin üstünlükləri üzərində işləməklə
yanaşı, Qərb-Şərq istiqamətinin də əhəmiyyətini nəzərdən qaçırmaq
olmaz. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi
vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlsə də, artıq yüklərin
əks istiqamətdə daşınması barədə də düşünmək lazımdır.”

K.Qafarov Ermənistanın bütün bu layihələrdən təcrid olunmasının
yeganə səbəbkarının bu ölkənin öz hökuməti olduğuna dair Prezident
İlham Əliyevin verdiyi birmənalı açıqlamaların ünvanlı mesaj
xarakteri daşıdığını qeyd edib: “Panel iclasda iştirak edən Avropa
təmsilçisi, komissar Yoxannes Han bu önəmli beynəlxalq tədbirdə üç
Cənubi Qafqaz ölkəsindən yalnız ikisinin, Azərbaycan və Gürcüstanın
iştirak etdiklərini diqqət mərkəzinə çəkməklə müzakirələri müəyyən
qədər Azərbaycan-Ermənistan münasibətlərinə yönəltməyə çalışdı.
Lakin cənab Prezident İlham Əliyev bu kimi eyhamlara hər zaman açıq
və birmənalı ifadələrlə cavab verir. Ermənistanla münasibətlərin
hazırda faktiki olaraq “havadan asılı” vəziyyətdə olmasının yeganə
səbəbi, əlbəttə ki, Azərbaycanın beynəlxalq hüququn fundamental
prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifinə
rəsmi İrəvanın hələ də cavab verməməsidir. Ermənistan üçtərəfli
əməkdaşlıq formatına başlamaqla bağlı Azərbaycan və Gürcüstanın
birgə irəli sürdükləri təklifi də rədd edib. Təbii ki, belə olan
vəziyyətdə Ermənistan hələ uzun müddət bütün regional layihələrdən
kənarda qalacaq. Azərbaycanın irəli sürdüyü təkliflər isə, əlbəttə
ki, daim masa üzərində qala bilməz. Odur ki, Ermənistan hökuməti
bütün bu məsələlər barədə yaxşı-yaxşı düşünməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir