FHN yanğınsöndürən balonların istifadə qaydalarını açıqladı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi odsöndürücü balonlardan düzgün
istifadə qaydalarıilə bağlı əhaliyə müraciət edib.

Nazirlikdən Trend-ə daxil olan müraciətdə bildirilir ki, yanğın
baş verərkən ilkin mərhələdə əlaltında olan vasitələrlə onu
söndürməklə və ya genişlənmə riskini azaltmaqla daha böyük
faciələrin qarşısını almaq mümkündür.

“Belə vasitələrin ən effektlisi odsöndürücü balonlardır.
Təəssüflə bildiririk ki, ilk baxışdan sadə istismar qaydalarına
malik odsöndürücü balonlardan bəzən düzgün istifadə edilməməsi və
ya balonların növlərindən asılı olaraq təyinatı üzrə tətbiq
edilməməsi onların səmərəliliyini azaldır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi
əhaliyə müraciət edərək yanğınlar zamanı odsöndürücü balonlardan
istifadəyə dair aşağıdakı mühüm tələblərin nəzərə alınmasını
tövsiyə edir:

– odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış
olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini bilmək
lazımdır:

– quru kimyəvi tozlu və ya qazla işləyən balonlardan bütün növ
yanğınların söndürülməsində;

– tozla işləyən balondan elektrik təsərrüfatında baş verən
yanğınların söndürülməsində;

– köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması
zamanı istifadə edilir.

– balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon
istifadəyə yararlıdır;

– istifadə zamanı balondan xarakterik səs eşidilir.

Odsöndürücü balondan istifadə etmək üçün:

– onun üstündəki plastik möhürü qırın;

– balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;

– təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova
yönəldin;

– dəstəyi yavaş-yavaş sıxın;

– lüləni yuxarı-aşağı, sağa-sola hərəkət etdirərək, alovu tam
söndürün.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin”,-müraciətdə bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir