Fransız jurnalist açıq şəkildə ermənilərin tərəfini tutan siyasətçilər və media orqanlarından yazıb

Bakı. Trend:

Fransanın “musulmansenfrance.fr” xəbər portalında Trend
İnformasiya Agentliyinin Fransada təsis etdiyi “Lagazetteaz.fr”
qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən tərəfindən Fransada
açıq şəkildə ermənilərin tərəfini tutan, Azərbaycana qarşı aramsız
qətnamələr qəbul edən, qərəzli məqalə və reportajlar hazırlayan
siyasətçilər və media orqanları haqqında məqalə dərc olunub.

Məqaləd qeyd olunub ki, əsrlər boyu ermənilərlə onların
qonşuları arasında münasibətlər regiona ağalıq uğrunda mübarizə
aparan güclü imperiyalar tərəfindən alovlandırılan, aramsız
qarşıdurmalar ilə yadda qalıb. Sovet İttifaqı dövründə bu, tez-tez
mərkəzi hakimiyyət tərəfindən təşviq edilən qırğınlar şəklində
olurdu. Bunun ardınca 1993-cü ildə İrəvan ordusunun Azərbaycanı
işğalı, Qarabağın 30 illik işğalı və 2020-ci ildə Azərbaycanın
ərazisinin böyük hissəsini azad etdiyi qısamüddətli müharibə baş
verdi.

“Bu məğlubiyyətdən sonra ermənilər, xüsusən də Fransa
diasporasında olanlar meydandakı müharibəni mediaya gətirməyə
çalışaraq, ictimaiyyəti onları təcavüzkar olaraq deyil, qurban kimi
tanımağa inandırmağa çalışdılar.

Reallığı nəzərə alsaq, Qafqazdakı problemlər Fransa
ictimaiyyətinin heç vecinə də deyil.

Fransada açıq şəkildə ermənilərin tərəfini tutan, Azərbaycana
qarşı aramsız qətnamələr qəbul edən, qərəzli məqalə və reportajlar
hazırlayan, heç bir azərbaycanlının dəvət olunmadığı dəyirmi
masalar təşkil edən siyasətçilər və media orqanlarından başqa heç
kəs bunda maraqlı deyil. Bir neçə gün bundan öncə Fransa prezidenti
Emmanuel Makron Fransada iki əsas erməni millətçi liderini Yelisey
sarayında qəbul etdi, amma qəbul zamanı onlar arasında heç bir
azərbaycanlı yox idi. Prezident Makronla Azərbaycanın Fransadakı
yeni səfiri arasında yeganə görüş sonuncunun etimadnaməsini təqdim
edərkən baş tutub”, -deyə müəllif bildirib.

Fransız jurnalistin fikrincə, Ermənistan tərəfdarlarının irəli
sürdüyü əsas arqument Mişel Onfrayın dediyi kimi “sivilizasiyaların
toqquşması”dır.

“Üstəlik, Figaro jurnalının baş redaktorunun müavini Jan-Kristof
Büissonun dediklərinə görə, ‘yerində kilsələr məscidlərlə əvəz
olunur’. O ki qaldı Erik Zemmura, sonra Valeri Pekres, Brüno Retayo
və Valeri Buayeyə, onların Ermənistana səfəri, onlara görə,
“Avropada İslam-Türkiyə təhlükəsi qarşısında Şərq xristianlarının
müdafiəsi”nin simvoludur. .

Qərb təfəkkürünün bir hissəsinin, bu halda maarifçilik
fəlsəfəsinin sələfi kimi XII əsr azərbaycan filosofu Nizami
Gəncəvinin olmasının, Azərbaycanın 48 müxtəlif etnik və ya
mədəniyyəti, o cümlədən Şərq xristianlarının böyük azlığını
mükəmməl harmoniya içində birləşdirən dünyəvi multikultural ölkə
olmasının, azərbaycanlıların heç bir kilsəni məscidə
çevirmədiklərinin, ermənilərin isə işğalları zamanı Qarabağda 66
məscidi, o cümlədən Rus Pravoslav Kilsəsini dağıtdıqlarının isə bu
yuxarıda adı sadalanan fransızlar üçün deyəsən heç bir əhəmiyyəti
yoxdur.

Reallıq budur ki, bu münaqişə bizi ona görə maraqlandırır ki, o
siyasi təhlükəli sağçı sinif tərəfindən artıq bir alətə
çevrilib.

Onların əsas məqsədi Ermənistanı müdafiə etməkdən daha çox
fransızları xəyali ümumi düşmənin, güya ki “Xristian Qərb
sivilizasiyasına” hücum etmək, hətta onu yox etmək istəyən
beynəlxalq müsəlman icmasının ətrafında toplamaqdan gedir”, -deyə
Brən hesab edir.

Məqalədə həmçinin vurğulanıb ki, daxili işlər nazirinin Fransa
müsəlmanlarının guya “separatizmi” ilə bağlı bəyanatlarından sonra
artıq beynəlxalq aləm müsəlmanların Qərb üçün təhlükəli olduğuna
dair dəlillər axtarışına başlayıb. Məhz bu ideya səbəbindən
Türkiyənin Avropaya üzv olmasından imtinaya haqq qazandırıldı.

“Bəs niyə Azərbaycana hücum edirsiniz? Çünki təkcə ona görə yox
ki əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir, həm də ona
görə ki, bu ölkədə dünyəvilik və dini etiqad azadlığı tam şəkildə
təmin olunur, multikulturalizm nəinki mövcuddur, hətta getdikcə
daha da geniş şəkildə təbliğ olunur. Azərbaycan inklüziv dünyəvilik
modelidir. Bu ölkə yeni “dünyəvilər”in gözündə təbii olaraq
təhlükəli nümunədir. Çünki sağçıların mövcud olması üçün İslamın
daşıdığı dəyərlərə məhəl qoyulmamalıdır. İslamdan insanlar qorxmağa
davam etməlidir.

Ata Xorxe Umberto Ekkonun ‘Qızılgülün adı’ əsərində deyir: –
Gülüş qorxunu öldürür, qorxu olmadan isə iman yoxdur. Çünki şeytan
qorxusu olmadan Allaha ehtiyac yoxdur.

Azərbaycanda yaşandığı kimi bu birlikdə yaşamaq modeli bütün
müsəlmanların, eyni zamanda bütün humanistlərin çağırışıdır. Və
məhz bu səbəbdən Azərbaycanı tənqid edənlərin bizi inandırmağa
çalışdıqları yalanlara, yalan xəbərlərə, tarixin təhriflərinə göz
yuma bilmərik. Ona görə də heç vaxt Ermənistana mediada və siyasi
diskursda bu qədər dəstək olmayıb. Ona görə də Azərbaycan tarixçisi
heç vaxt regionun keçmişi ilə bağlı aparılan müzakirələrə dəvət
edilmir. Məhz buna görə də kiçik bir kapitalist sinfinin
inhisarında (monopolyasında) olan qəzetlər heç vaxt jurnalistləri
Ağdamda, Füzulidə, Şuşada və ya Gəncədə erməni vandalizminin
izlərini görməyə göndərmir, bunun əvəzinə erməni kimliyinə dair
uydurma rəvayəti təkrarlamağa üstünlük verirlər.

Hər kəs öz hekayəsini nəql edir və bunu etməkdə sərbəstdir.
Qafqaz erməniləri də öz inkişaflarına mane olan və onları sayı
Ermənistan əhalisinin sayından qat-qat çox olan diasporadan asılı
vəziyyətə salan bu siyasi alətləşmənin qurbanlarıdır.

Amma Azərbaycanın məruz qaldığı böhtanlar qarşısında səssiz qala
bilmərik, çünki bu eyni böhtanlara bu gün ölkəmizin müsəlmanları da
məruz qalaraq əziyyət çəkir və səbəblər də eynidir.

Azərbaycanı dəstəkləmək qondarma sivilizasiya döyüşündə iştirak
etmək deyil, daha çox XII əsrdə Nizaminin, 17-ci əsrdən isə Russo,
Volter və Monteskyönün qurduğu Maarifçilik ruhunun güclənməsi
naminə mübarizə aparmaq deməkdir”, -deyə məqalədə yekun olaraq qeyd
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir