Heydər Əliyev iqtisadi əməkdaşlıq sahəsində qlobal əhəmiyyət qazanmış irimiqyaslı layihələrə imza atıb – Emil Konstantinesku (FOTO)

Bakı. Trend:

Heydər Əliyev iqtisadi əməkdaşlıq sahəsində qlobal əhəmiyyət
qazanmış irimiqyaslı layihələrə imza atıb.

Bu barədə Trend-ə Rumıniyanın sabiq prezidenti, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin (NGBM) üzvü Emil Konstantinesku Trend BİA və
NGBM-in birgə layihəsi olan “Heydər Əliyev irsi” layihəsi
çərçivəsində deyib.

“Mənim prezident mandatım Heydər Əliyevin ölkə daxilində
stabilliyə nail olaraq Azərbaycanı NATO-nun “Sülh naminə
tərəfdaşlıq” proqramına daxil etdiyi, iqtisadi əməkdaşlıq sahəsində
iki böyük layihəni başlatdığı dövrlə üst-üstə düşüb. Bu layihələr
regional çərçivədən kənara çıxaraq qısa müddət ərzində qlobal
əhəmiyyət qazandı. Mən TRASEKA (Avropa İttifaqı ilə tərəfdaş
ölkələr arasında “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin təşkili
üzrə beynəlxalq əməkdaşlıq proqramı) və İpək Yolunun Bərpası
layihələrini nəzərdə tuturam. Bizim ilk görüşümüz 1997-ci ildə
İstanbulda Qara dəniz biznes forumunda baş tutub. Mən orada ev
sahibi, Prezident Süleyman Dəmirəlin dəvəti ilə Prezident Heydər
Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə iştirak
edirdim. Biz tarixi İpək Yolunda nəqliyyatın bərpası üçün
səylərimizi birləşdirməyi qərara aldıq”, – o deyib.

E.Konstantinesku məhz bu görüşdə Prezident Heydər Əliyevin
Azərbaycanla Rumıniyanı birləşdirəcək neft boru kəmərinin çəkilməsi
və ABŞ ilə yanaşı ilk sənaye neft hasilatının həyata keçirilməsi
ideyasını irəli sürdüyünü vurğulayıb.

“Heydər Əliyevin prezidentliyi dövründə əməkdaşlıq bizim bir
neçə sammitdə birgə fəaliyyətlərimiz sayəsində möhkəmlənib. Bu,
daha yaxşı dünya naminə səmimi əməkdaşlıq ruhu Nizami Gəncəvi
Beynəlxalq Mərkəzini də əhatə etdi. Mərkəzdə müasir dünyanın
nüfuzlu demokratik liderlərini, həmçinin Bakıda və dünyanın digər
nüfuzlu şəhərlərində təşkil olunan forumlardakı elmi dairələrin
görkəmli nümayəndələrini bir araya toplamaq mümkün oldu. Mən hər il
bu cür tədbirlərdə iştirak edərək dərk edirdim ki, dünya
mədəniyyəti bəşəriyyətə firavan gələcək verəcək”, – o yekun olaraq
bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir