Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı Təbrizdə çap olunub

Bakı. Trend:

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı
Təbrizdə çap olunub. Kitab əski əlifbaya güneyli soydaşımız Qadir
Cəfəri tərəfindən köçürülüb.

Yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və
məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün
ədəbi-bədii əksini tapıb.

Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və
fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı
şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir
Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq
sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman
oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu
Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu
Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə
bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin
sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri
ilə aşkar və gizli lağımlarla bağlayır.

Kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarov yeni
əsəri belə xarakterizə edir: “Əsərdəki dərin fəlsəfi-psixoloji
anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı
dərkolunmayacaq qəribə aləmə aparır oxucunu. Hacı Mir Həsən ağa
Səyyah risalə yazmaq üçün “Sirri-Xuda”dan yox, qonşularının,
tacir-tüccarların, padşahların, şeyxlərin və b. sirlərinə bələd
olmağı, onların sərgüzəştlərindən yazmağı öhdəsinə götürür və
məharətlə istəyinə çatır. Odunçu Əhmədin sirrindən tutmuş, ta Həsən
müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəştləri sizi başqa
bir sirlər dünyasına aparacaq. Sona qədər oxuyun, nəticəni özünüz
çıxaracaqsınız və Kamal Abdullanın sirli-sehrli yaradıcılığından
həmişə olduğu kimi, bu dəfə də həzz olacaqsınız. Bu kitab Kamal
Abdullanın digər kitabları kimi, uzun ömür sürməyə haqqı olan böyük
yaradıcılıq nümunəsidir”.

Qeyd edək ki, 2014-cü ildə Kamal Abdullanın “Sehrbazlar dərəsi”
2018-ci ildə “Yarımçıq əlyazma”, 2022-ci ildə isə “Unutmağa kimsə
yox” romanları da Təbrizdə işıq üzü görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir