Məşhur beynəlxalq telekanal Azərbaycan haqqında geniş reportaj hazırlayıb

Bakı. Trend:

I24 NEWS populyar beynəlxalq telekanal müasir Azərbaycanda həyat
və ölkənin tarixindən bəhs olunan 18 dəqiqəlik reportaj
hazırlayıb.

Trend-in məlumatına görə,
reportajın müəllifləri müsəlman dünyasında 1918-ci ildə məhz
Azərbaycanda ilk demokratik respublikanın yaradıldığını, sonra gənc
respublikanın bolşeviklər tərəfindən işğal edildiyini və yalnız
1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini
xatırladıb.

Materialda Azərbaycanın İsraillə, yəhudi xalqı ilə dostluğuna,
həmçinin beynəlxalq vəziyyətə böyük diqqət ayrılıb.

Telekanalın jurnalistləri Zəngilana yola düşərək burada erməni
işğalçıları tərəfindən dağıdılmış Azərbaycan kəndlərinin
görüntülərini çəkiblər. İranla sərhəddə, Xudafərin körpüsünün
yaxınlığında, həmçinin Azərbaycan ordusunun mövqelərinin, ermənilər
tərəfindən dağıdılmış kəndin və minalanmış ərazilərin olduğu,
yoldan bir addım kənara addımlamağın ölümə səbəb olacağı yerlərdə
çəkilişlər aparılıb. Reportajda İranla sərhəddəki çətin
vəziyyətdən, İran tərəfindən Azərbaycanın ünvanına əsassız
təhdidlərdən, İran ordusunun Azərbaycanla sərhəddə keçirilən
təlimlərindən və Azərbaycanın layiqli, mətanətli və sarsılmaz
cavablarından bəhs olunur, Azərbaycanın mehriban qonşuluq əlaqələri
qurmağa hazır olduğu və eyni zamanda heç kimə öz suverenliyini
pozmağa imkan verməyəcəyi vurğulanır.

Əlbəttə ki, reportajda Azərbaycanın Qarabağ bölgəsinə böyük
diqqət ayrılıb. Müəlliflər SSRİ-nin süqutundan sonra Ermənistanın
suveren Azərbaycanın 20 faiz torpağını necə işğal etdiyindən və
2020-ci ildə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində öz
torpaqlarını işğaldan necə azad etdiyindən bəhs edir. Reportajda
ərazilərin bərpası, erməni işğalçıların səhraya çevirdikləri
torpaqda “ağllı kəndlər”in yaradıldığı əks olunub. Videomaterialda
həmçinin, ermənilər tərəfindən Qarabağda yerləşdirilmiş çoxlu sayda
minalara diqqət yetirilir.

Ümumdünya Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri Roman
Qureviçin fikrincə, ABŞ, Yaxın Şərq, Asiya və digər regionlarda
milyonlarla izləyicinin baxdığı populyar beynəlxalq kanalda bu cür
yayım Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində çox
vacibdir.

“Təəssüf ki, dünya birliyini bizim regionun problemləri və
ədalət məsələləri çox da maraqlandırmır. Demək olar ki, otuz il
ərzində bu belə olub və belə olaraq da qalır. Bu, yüksək
peşəkarlıqla hazırlanmış və i24News kanalında dünyanın milyonlarla
teleizləyicisi üçün ingilis, fransız və ispan dillərində yayımlanan
ətraflı reportaj Azərbaycan reallıqlarının işıqlandırılmasında
mühüm hadisədir”, – R.Qureviç deyib.

Reportajda həmçinin rejissor Aleksandr Qriç Qureviçin “Heydər
Əliyev” sənədli filmindən unikal kadrlardan istifadə olunub. Roman
Qureviçin sözlərinə görə, müəlliflər üçün reportajda bu kadrların
nümayişi son dərəcə vacib idi, axı 2023-cü il Azərbaycanın
ümummilli liderinin xatirəsinə həsr olunub.

“Gözəl jurnalist və dostum olan, Nobel mükafatı laureatı,
reportajın müəllifi Enrike Zimmermana gözəl işinə görə təşəkkür
etmək istəyirəm. Mənə elə gəlir ki, Bakıda keçirilən və daha sonra
film üzərində işlədiyi günlər ərzində o, Azərbaycanın sevincini və
narahatlığını dərindən hiss edib. Əminəm ki, qarşıda bizim hələ çox
gözəl reportajlarımız olacaq və bu, Azərbaycanın dünyadakı
nüfuzunun daha da möhkəmlənməsinə, həmçinin İsraillə Azərbaycanın
daha da yaxınlaşmasına səbəb olacaq”, – R.Qureviç deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir