Nazirlik qiymət artımına münasibət bildirib

Bakı. Trend:

Bu gün dünyada gedən geosiyasi vəziyyət, eləcə də qlobal iqlim
dəyişmələri ərzaq məhsullarının bahalaşmasında özünü göstərir. Kənd
Təsərrüfatı Nazirliyi bu istiqamətdə işlər görür.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət
komitəsinin bu gün keçirilən iclasında Kənd Təsərrfüatı
Nazirliyinin Torpaqlardan İstifadə şöbəsinin müdiri Firidun Tağıyev
deyib.

Şöbə müdiri bildirib ki, ərzaqlıq buğdanın stimullaşdırılmasına
dair fərman imzalanıb.

“Bizim əsas asılılığımız buğda idxalı ilə bağlıdır. Pivot
suvarma sistemi tətbiq edən fermerlər nazirliklə müqavilə bağlayıb
ərzaqlıq buğda istehsal etdiyi təqdirdə onun hər tonuna 100 manat
əlavə məhsul subsidiyası əldə edəcək. Bu, ciddi təşviqdir və buna
maraq var. Birinci mərhələdə 23 500 hektar müəyyənləşdirərək
Nazirlər Kabinetinə təqdim etmişik. Bu gün ölkəmizdə 56 min
hektarda pivot suvarma sistemi tətbiq olunur.

Bu, su qıtlığı yaşayan ölkə kimi bizim üçün çox vacibdir. Beş il
ərzində 56 min hektarın 200 minə çatdırılması hədəflənir. Ciddi
rəqəmdir və maliyyə yükü deməkdir. Təxmini hesablama aparmışıq ki,
bu fərman çərçivəsində dövlətin qoyduğu investisiya təşviqi 1
milyard manatın üzərindədir. Düşünürük ki, bu ciddi şəkildə kənd
təsərrüfatının inkişafına töhfə verəcək”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir