Torpaq sahələrinin qeydiyyatı ilə bağlı yeni qayda tətbiq ediləcək

Bakı. Trend:

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının
məcburiliyi ilə bağlı tələblər sərtləşdirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Aqrar
siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan
”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Sənəddə qeyd edilir ki, torpaq üzərində hüquqların (müddəti on
bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla)
dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada
daşınmaz əmlakın dövlət reyestrində aparılacaq.

Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı
təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar
müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar,
hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə
və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi)
daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real
vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış
istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya
icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil
ediləcək.

Qeyd edək ki, qüvvədə olan Məcəlləyə əsasən, torpaq üzərində
hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində
aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir