UEFA Avropa zonasının təsnifatları və Millətlər Liqasının yeni formatlarını təsdiqləyib

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə
Komitəsi Nyonda (İsveçrə) keçirilən iclasda kişi komandaları üçün
2024-cü ilin sentyabrında qüvvəyə minəcək yeni yarış formatlarını
təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında
bildirilir.

UEFA İcraiyyə Komitəsi yeni pley-off mərhələsini əlavə etməklə
Millətlər Liqasının formatını dəyişib. A Liqasında qrup qalibləri
və ikinci yeri tutan komandalar dördlər finalına vəsiqə qazanmaq
üçün iki oyunluq pley-off mərhələsi keçirəcəklər. A Liqasında
üçüncü, B Liqasında ikinci və üçüncü, C Liqasında ikinci olan
komandalar kimin yüksələcəyini və ya aşağı liqaya düşəcəyini
müəyyən etmək üçün iki oyundan ibarət pley-off mərhələsi
keçirəcəklər.

Avropa çempionatına və dünya çempionatının Avropa təsnifatına
seçimin formatı da dəyişdirilib. Milli komandalar dörd və beş
komandadan ibarət 12 qrupa bölünəcək. Qrup qalibləri Avropa
çempionatına və ya dünya çempionatına birbaşa vəsiqələr, ikincilər
isə ya birbaşa vəsiqələr əldə edəcəklər, ya da pley-offda iştirak
edəcəklər (Millətlər Liqasından pley-offa düşənlərlə birgə).

Qeyd olunur ki, UEFA Avropa çempionatının formatının
dəyişdirilməsini nəzərdən keçirməyib. Turnir 24 komandanın iştirakı
ilə davam edəcək.

UEFA İcraiyyə Komitəsinin növbəti iclası 2023-cü il aprelin 4-də
baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir