Universitetlərdə ilk: Rektor İctimai Şura qarşısında hesabat verib (FOTO)

Bakı. Trend:

UNEC rektoru, professor Ədalət Muradov İctimai Şura qarşısında
universitetdə görülən işlər barədə hesabatla çıxış edib.

Hesabat tədbirində UNEC nəzdində İctimai Nəzarət Şurasının
üzvləri millət vəkilləri Etibar Əliyev, Hikmət Məmmədov, Arzu
Nağıyev, professor Şahlar Əsgərov, “Modern” Media Qrupunun baş
direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı,
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, “Şəffaflıq Azərbaycan”
İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev, “Multimedia”
İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru,
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz,
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib
Məmmədov, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər
Cəmiyyətinin sədri İlqar Orucov, “525-ci qəzet”in müxbiri Sevinc
Qarayeva, Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın sədri
Günel Səfərova, media nümayəndələri və universitetin struktur
rəhbərləri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar UNEC-in şəhid olmuş tələbə və
məzunlarının xatirəsinə ucaldılmış Memorial Abidə Kompleksi
qarşısında şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra 24/7
kitabxana, Ekstern Mərkəzi, Bloomberg laboratoriyası ilə, eləcə də
yenidən təmirdən çıxmış Karyera Mərkəzi və Kiçik akt zalında
yaradılmış şəraitlə tanış olublar.

Millət vəkili, UNEC nəzdində İctimai Nəzarət Şurasının sədri
Etibar Əliyev rektorun ictimaiyyət qarşısında hesabat verməsini
ölkədə yenilik adlandıraraq, bu yeniliyin yeni çağırışlara vəsilə
olacağını bildirib. İctimai şuraların fəaliyyətinin qurumlarda
işlərin daha yaxşı təşkilinə dəstək olduğunu deyən Şura sədri,
UNEC-in son dövrlərdə ciddi uğurlara imza atdığını və inkişaf edən
universitet statusunda olduğunu diqqətə çatdırıb.

Sonra rektor Ədalət Muradov hesabatla çıxış edib. Bildirib ki,
UNEC-in 2030-cu ildə əsas hədəfi dünyanın ən yaxşı 500 universiteti
sırasına daxil olmaqdır.

Hesabatda qeyd olunub ki, 4 dildə təhsil verən UNEC-də
bakalavriatura üzrə 22, magistratura üzrə 20 ixtisas, MBA poqramı
üzrə 29 ixtisaslaşmaya qəbul aparılır. MBA proqramı üzrə 8 yeni
ixtisaslaşma 2022-ci ildə yaradılmışdır.

2013/2014-cü illə müqayisədə bakalavriatura üzrə tələbə sayı
4,01 faiz, magistratura üzrə 7,1 faiz, MBA proqramı üzrə 54,08 faiz
artıb. Qəbul planı müvafiq təhsil səviyyələri üzrə 3,57 faiz, 62,8
faiz, 84,8 faiz yüksəlib.

Bildirilib ki, UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə
rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN sistemi tətbiq
olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar
üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə
aparılır.

Tədrisin demokratikləşdirilməsi və humanistləşdirilməsi
məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr 53 ixtisas
fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi
formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə
mühazirələr yalnız distant formada aparılır.

Tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə
əldə etmələri üçün 2019-cu ildən “Bir Pəncərə Xidməti” fəalliyyətə
başlayıb. Təkcə 2022/2023-cü ildə Bir Pəncərə Xidmətinə 17.000
tələbə müraciəti olunub.

UNEC-də təkrar ali təhsil və əcnəbilərin qəbulu da tamamilə
elektronlaşdırılaraq, onlayn qaydada həyata keçirilir.

Regionda ilk dəfə olaraq, yeni tədris ilindən UNEC-də müasir
tədris metodunu kökündən dəyişən “Çevrilmiş təhsil” (Flipped
Education) metodu tətbiq olunur. Dünyanın aparıcı
universitetlərində tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı
biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video,
infoqrafik və yazılı formada ötürülməsidir.

Qeyd olunub ki, dünya təcrübəsində də tətbiq olunan sessiya
imtahanlarının mərhələli şəkildə ləğvi strateji hədəflərdəndir.
Tələbə biliyinin qiymətləndirilməsi ona verilən layihə əsasında
aparıla bilər.

UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində də
mühüm uğurlara nail olunub. Belə ki, Web of Science indeksli
jurnallarda ümumilikdə çap olunan UNEC-ə mənsub 755 məqalənin 88
faizi, Scopus indeksli jurnallarda isə çap olunan 703 məqalənin 96
faiz məhz 2014/2022-ci illərin payına düşür.

UNEC-də müəllimlərin tədqiqat fəaliyyətinin stimullaşdırılması
məqsədilə diferensial əmək haqqı sistemi tətbiq olunur ki, bu
sistemin 70% faizi elmi-tədqiqata aid edilir. İlk onluqda olan
müəllimlərin əmək haqqı 2 dəfə artırılır. Qeyd olunub ki, inzibati
işçilərin də xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan
diferensial əmək haqqı sistemi hazırlanıb və qısa zamanda tətbiqinə
başlanılacaq.

Rektor bildirib ki, tələbənin biliyi ilə yanaşı, bacarıqlarının
da qiymətləndirilməsi məqsədilə akademik transkriptlərlə yanaşı,
qeyri-akademik transkript də veriləcək. Bu, onların gələcək
karyeralarında böyük imkanlar yaradacaq. İşəgötürən transkriptdəki
QR kodu oxudaraq, tələbənin hansı bacarıqlara malik olduğunu da
öyrənmiş olacaq.

“UNEC tələbələri məzun olduqda ən azı bir xarici dil
bilməlidir”- deyə vurğulayan rektor, universitetdə ingilis dilinin
4 bacarıq üzərindən 2 il müddətində tədris olunduğunu diqqətə
çatdırıb. Ə.Muradov UNEC-də IELTS tərəfdaşı olan Dil Mərkəzinin
fəaliyyətə başladığını və dekabr ayında ilk imtahanların
keçirildiyini bildirib.

Qeyd olunub ki, UNEC beynəlxalq reytinqlərdə yer alaraq, ciddi
uğurlar qazanıb. QS dünya reytinqində UNEC 1001-1200, QS regional
reytinqində 221-230, Times Higher Education Impact Rankings 801+,
U-Multirank dünya reytinqində 251-300, Asiya üzrə isə 18 ən yaxşı
universitet sırasında yer alıb.

Kitabxanaların fəaliyyətindən danışan rektor, hazırda UNEC
Kitabxana İnformasiya Mərkəzində kitab fondunun sayının 85250
nüsxəyə çatdırıldığını, elektron resurs sayının isə bir milyondan
çox olduğunu deyib.

UNEC-də daha bir yenilik Assistentlik institutunun
yaradılmasıdır. Kafedralarda fəaliyyət göstərən laborantları artıq
assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər
gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.

Ədalət Muradov UNEC-də Ömürboyu təhsil mərkəzinin fəalliyətə
başladığını, kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif
ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis
hazırlığının aparıldığını qeyd edib.

Bildirilib ki, UNEC əməkdaşlarının sosial rifahının
yaxşılaşdırılması məqsədilə universitetdə orta aylıq əmək haqqı
1,92 dəfə artırılmışdır. Bu, pedaqoji heyət üzrə 1,96 dəfə,
inzibati heyət üzrə isə 2 dəfə artım təşkil edir.

Hesabat dinlənildikdən sonra Şura üzvləri fikilərini
bölüşüblər.

Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın sədri Günel
Səfərova rektorun İctimai Şura qarşısında hesabat verməsini yeni
hərəkatın əsası adlandıraraq, bu təcrübənin digər ali təhsil
müəssisələrində də tətbiq olunmasının əhəmiyyətini vurğulayıb.

Millət vəkili Hikmət Məmmədov rektorun hesabatını “Ümid”
adlandırıb. Yeni nəsil universitet modelinin formalaşdırılması
istiqamətində UNEC təcrübəsini yüksək qiymətləndirən millət vəkili
İqtisad Universitetinin ictimaiyyətdə UNEC brendi kimi müsbət
imiclə formalaşmasını universitetin böyük uğuru adlandırıb.

Professor Şahlar Əsgərov İctimai Nəzarət Şurasının üzvü kimi
universitetdəki yenilkləri yaxından izlədiyini diqqətə çatdıraraq,
UNEC-in idarəetmə, təhsilin məzmunu, struktur baxımından yeni
çağırışlara cavab verən ali təhsil müəssisəsi modeli yaratdığını
deyib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz UNEC-in
rəqəmsallaşma və rəqəmsal transformasiyalar sahəsində mühüm
yeniliklər tətbiq etdiyi bildirərək, universitetin gələcək
fəaliyyətində rektora uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir