
Bakıda “yaşıl dövrə” doğru daha bir addım – Enerji siyasətimizdə yeni mərhələ
Bakı. Trend:
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin
9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci
iclası öz işinə başlayır. Əvvəlki iclaslara nisbətən bu toplantıda
daha çox dövlət və şirkət iştirak edir. Budəfəki toplantıya maliyyə
təsisatlarının da diqqəti böyükdür. İclasda iştirak edəcək maliyyə
təsisatları sırasında Dünya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya
İnkişaf Bankı və digər qurumlar təmsil olunur.
Toplantını əvvəlkilərdən fərqləndirən ən əsas məqam isə Məşvərət
Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya
Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji
tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk
iclasının keçirilməsidir.
Komitənin ilk iclasının qısa zaman kəsiyində keçirilməsi
göstərir ki, Azərbaycan qaz sektorunda olduğu kimi, “yaşıl” enerji
sektorunda da hədəflərinə doğru inamla irəliləyir. Xatırladaq ki,
sözügedən saiziş 2022-ci il dekabrın 17-də Buxarestdə
imzalanıb.
Bu saizişin mahiyyəti nədir?
– Saizişə əsasən, Qara dənizin dibi ilə elektrik enerjisi kabeli
çəkiləcək. Bu kabel Azərbaycanda istehsal olunan elektrik
enerjisini Avropaya ixrac edəcək. Belə bir layihənin icrası
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıracaq.
Təcrübə göstərir ki, imzalanan layihələrin icrası üçün ilk
növbədə kifayət qədər enerji resursu və siyasi iradə lazımdır.
Azərbaycanın “yaşıl enerji” sektorunda kifayət qədər resursu
varmı?
Ölkəmizin bərpaolunan enerji potensialına nəzər salaq:
– Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan
çoxdur;
– Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə
ikincidir;
– Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157
qiqavat təşkil edir;
– Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3
qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi
planlaşdırır. İstehsalın 80 faizi ixrac olunacaq;
– Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri
yaratmağı planlaşdırır;
– Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal
potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə
minimal olaraq 600 meqavatdır. Qeyd edək ki, Qarabağ və Şərqi
Zəngəzur yaşıl enerji zonası elan edilib;
Rəqəmlər göstərir ki, Azərbaycanın “yaşıl enerji” potensialı
kifayət qədərdir.
Resurslarımızın “yaşıl enerji” sektoruna marağın artdığı dövrdə
öz öhdəliklərimizi yerinə yetirməyimizə böyük imkanlar yaradır.
Məlumdur ki, bərpaolunan enerji növü hələ kütləvi şəkildə
yayılmadığı üçün onun istehsalında istifadə olunan stansiyaların və
ümumilikdə, infrastrukturun inşasına maraq o qədər də böyük deyil.
Təbii ki, hazırda hansı dövlət bərpaolunan enerji sektoru ilə bağlı
lazımlı infrastrukturu tez qursa, o da gələcəkdə qeyd edilən sahədə
hakim mövqedə dayanacaq.
Ölkəmiz “yaşıl enerji” sektorunda infrastrukturun qurulması ilə
bağlı hansı işləri görür?
– BP-nin azad olunmuş Cəbrayıl rayonunda günəş enerji
stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230
meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci
olacaq;
– Zəngəzur dəhlizindən eyni zamanda elektrik enerjisi
ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və
çevirici stansiya tikilir;
– Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçikhəcmli su
elektrik stansiyası tikiləcək, onların 5-i artıq istismara
verilib.
Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş,
külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz
“yaşıl enerji” verəcək.
Göründüyü kimi, ölkəmiz Prezident İlham Əliyevin yeni enerji
siyasəti çərçivəsində “yaşıl enerji” sektorunda həm resursların
tapılması, həm də aşkarlanan resursların ixracı baxımından mühüm
addımlar atmaqdadır.
Yuxarıda da qeyd etdiyim kimi, enerji siyasətində resurslarla
yanaşı, siyasi iradənin də mövcudluğu önəmlidir. Hazırda
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sayəsində oynadığı
mühüm rol göstərir ki, rəsmi Bakı “yaşıl enerji”nin “köhnə qitə”yə
ixracında da siyasi iradə nümayiş etdirəcək. Məsələn, yürüdülən
uğurlu siyasət nəticəsində ölkəmizin Avropaya qaz ixracı hər il
artır. Ölkəmiz Avropaya təbii qazı Cənub Qaz Dəhlizinin tərkib
hissəsi olan Trans Adriatik Qaz Kəməri vasitəsi ilə ixrac edir.
Avopaya qaz ixracımızın artım tempi:
– 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz
ixracı 8,2 milyard kubmetr təşkil edib;
– 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetrdir;
– 2023-cü ildə onun həcmi ən azı 11,6 milyard kubmetr
olacaq.
Həmçinin, 2022-ci il iyulun 18-də Prezident İlham Əliyev və
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen
arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan
Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər hasil edilən qazın
həcmi 2 dəfə artırılacaq. Yəni 2022-ci ildə bu rəqəm 11,3 milyard
kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr
olacaq. Artıq imzalanan sənədin icrasına başlanıb.
Göründüyü kimi, Azərbaycan siyasi iradə nümayiş etdirərək,
Avropanın qaz və bərpaolunan enerji bazarında təsirini artırmağa
davam edir. Məlumdur ki, rəsmi Bakı ötən 20 il ərzində avropalı
tərəfdaşları ilə həm neft, həm də qaz sektorunda böyük layihələrə
imza atıb. Ölkəmizin bərpaolunan enerji sektorunda da etibarlı
tərəfdaşa çevriləcəyini indidən proqnozlaşdırmaq olar. Bunu
Məşvərət Şurasının Bakıda keçiriləcək iclasına Avropanın, ABŞ-ın və
ümumilikdə, dünyanın aparıcı güclərinin xüsusi diqqəti də sübut
edir.