Növbəti yeni qatar xəttə verilib
Bakı. Trend:
2022-ci ilin sonlarında Bakı metropoliteninə gətirilmiş 4
qatardan 3-cüsü “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə sərnişin
konveyerinə qoşulub. Bu, metropoliten xətlərində fəaliyyətə
başlayan innovasiyalar baxımından sonuncu nəslə mənsub 22-ci yeni
qatardır.
Metropolitendən Trend-ə verilən məlumata görə, Rusiyanın
“Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi 81-765 B/81-766 B
modelli qatar 2019-cu ildə bağlanmış müqaviləyə əsasən alınıb.
“Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal
edilmiş qatar paytaxtın iqlim şəraitinə hesablanıb. Mikroiqlim
nəzarəti, o cümlədən kondisioner sistemi ilə təchiz edilib.
Vaqonlar bu gün dünyada mövcud olan ən son texnoloji tələblərə
cavab verir. Sərnişin rahatlığı baxımından əlil arabası və
irihəcmli yüklər üçün zonalar, enli qapılar, qapı zonasında tavan
və oturacaqlar önündə qövsvari tutacaqlar, salondan-salona
keçidlər, mobil cihazlara enerji yükləyici yuvalar, elektron
informasiya lövhələri, səs-küyü minimuma endirən şüşə və qapıların
hermetikliyi, erqonomik və qənaətcil işıqlandırma sistemi, daha
müasir antivandal oturacaqlar və s. xüsusi qeyd oluna bilər.
Bu, xəttə verilən sonuncu yeni nəsil qatarı olmayacaq. Daha bir
sonuncu yeni nəsil qatarı üzərində sınaq və tənzimləmə işlərinə
başlanılıb. Yaxın günlərdə həmin qatar da xəttə veriləcək. Onu da
əlavə edək ki, bu il “Bakı Metropoliteni” QSC yeni vaqonların
alınması məqsədilə işlərini davam etdirir. Hazırda texniki
tapşırıqlar üzərində fəal iş aparılır.