
Rumıniya və Azərbaycan təbii qaz nəqlinin mexanizmlərini təkmilləşdirir – Vircil-Daniel Popesku (Müsahibə)
Bakı. Trend:
“Romgaz” və SOCAR Azərbaycandan Rumıniyaya təbii qaz nəqlinin
mexanizmlərini təkmilləşdirmək niyyətindədir.
Bu barədə Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku
Trend-ə eksklüziv müsahibəsində deyib.
O, 2022-ci il oktyabrın 19-da Rumıniyanın təbii qaz istehsalçısı
“Romgaz”ın Qara dənizdə maye təbii qazın istehsalı üzrə layihənin
birgə hazırlanması imkanlarını öyrənmək üçün Azərbaycanın Dövlət
Neft Şirkəti SOCAR ilə Anlaşma Memorandumu imzaladığını
xatırladıb.
“Layihə maye təbii qaz üçün terminalın və təkrar qazlaşdırma
terminalının, habelə Xəzər dənizi hövzəsindən Rumıniyaya qaz nəqli
üçün zəruri digər obyekt və qurğuların inşasını əhatə edəcək.
Həmçinin 2022-ci ilin dekabrında “Romgaz” və Azərbaycan Dövlət Neft
Şirkətinin törəməsi olan SOCAR TRADING arasında Azərbaycandan
Rumıniyaya qaz tədarükü üzrə ilk saziş imzalanıb. Saziş 2023-cü il
yanvarın 1-dən başlayaraq Cənub Qaz Dəhlizi ilə TAP və IGB boru
kəmərlərinin ötürücülük qabiliyyətindən, həmçinin Bolqarıstan və
Rumıniyaya ötürmə sistemindən istifadə etməklə planlı şəkildə qaz
tədarükünü nəzərdə tutur. Saziş bu yaxında iki şirkət arasında
qeyri-məhdud müddətə bağlanmış Anlaşma Memorandumuna əsaslanıb. Bu
sazişin imzalanması idxal olunan qaz hesabına potensial tələbin
qarşılanması üçün Azərbaycandan təbii qaz nəql etmək imkanını təmin
edir. Beləliklə, saziş təhlükəsizliyin təmin olunması və qaz
mənbələrinin diversifikasiyası üzrə strateji məqsədlərə və xidmət
edir”, – nazir deyib.
Daha sonra Vircil-Daniel Popesku Azərbaycandan təbii qazın
tədarükünə dair Anlaşma Memorandumunun, həmçinin yuxarıda qeyd
olunan sazişin “Romgaz” və SOCAR arasında səmərəli əməkdaşlığın
nəticəsi olduğunu qeyd edib.
“Tərəflər əməkdaşlığı davam etdirmək və Azərbaycandan Rumıniyaya
təbii qaz nəqlinin mexanizmlərini təkmilləşdirmək niyyətindədir”, –
nazir deyib.
Vircil-Daniel Popesku Azərbaycandan Avropaya qaz tədarükünün
başlamasının Cənub Qaz Dəhlizinin reallaşmasına cəlb edilmiş bütün
ölkələrin birgə cəhdləri sayəsində mühüm nailiyyət olmaqla yanaşı,
Avropa enerji bazarı üçün qaz təchizatının mənbələrinin və
marşrutlarının diversifikasiyası baxımından mühüm dönüş nöqtəsi
olduğunu qeyd edib.
“2022-ci ilin iyul ayında Avropa Komissiyası Azərbaycan
Respublikası ilə Azərbaycan qazının 2027-ci ilədək minimum 20
milyard kubmetrədək artırılmasına dair Anlaşma Memorandumu
imzalayıb. Qərar Rusiya Federasiyasından qazıntı yanacağının
nəqlindən imtina ilə bağlı daha geniş siyasət çərçivəsində qəbul
olunub. Rumıniya Azərbaycanla 2009-cu ildən etibarən möhkəm
strateji tərəfdaşlığa malikdir. Ölkəmiz alternativ enerji
marşrutlarının və mənbələrinin axtarışı üzrə işləri gücləndirməklə
bu sahədə qonşularımız Ukrayna və Moldova Respublikasına da dəstək
göstərir. Cənub Qaz Dəhlizi yaradıldığı vaxtdan etibarən
Rumıniyanın davamlı olaraq dəstəklədiyi və hər il getdikcə daha çox
aktuallıq qazanaraq Avropada enerji təhlükəsizliyində özünün
artmaqda olan əhəmiyyətini sübut edən bir layihədir”, – o əlavə
edib.
“Yaşıl Dəhliz” layihəsinin gedişatı
Nazir Rumıniyanın artıq Azərbaycanda “yaşıl” enerji layihəsinə
investisiyaların qoyulması ilə bağlı şirkətlərlə danışıqlar
apardığını bildirib.
O, 2022-ci il dekabrın 17-də Rumıniya, Azərbaycan, Gürcüstan və
Macarıstanın “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş imzaladıqlarını xatırladıb.
Saziş Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın
Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili
və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən imzalanıb.
İmzalama mərasimində Rumıniyanın Prezidenti Klaus Yohannis və
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak
ediblər.
“Saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin
möhkəmlənməsində marağına və Qara dəniz hövzəsində qarşılıqlı
əlaqələrə, tədarük mənbələrinin diversifikasiyasına, Xəzər dənizi
bölgəsində bərpa olunan enerji istehsalının potensialından
istifadəyə və milli energetika balansında bərpa olunan enerjinin
payının artırılmasına əsaslanıb. Dördtərəfli hökumətlərarası saziş
Rumıniya Azərbaycan arasında Gürcüstan və Qara dəniz vasitəsilə
elektrik enerjisinin ötürülməsi, daha sonra bu enerjinin Avropa
ötürmə sistemi vasitəsilə Macarıstana və Avropanın digər
hissələrinə ötürülməsi üçün sualtı kabel layihəsinin
reallaşdırılmasının maliyyə və texniki əsasını təmin edir “, –
nazir deyib.
Popesku həmçinin Rumıniyanın bu mühüm layihədə aktiv rol
oynadığını və hökumətin layihənin maliyyələşdirilməsinə dair artıq
şirkətlərlə danışıqlara başladığını qeyd edib.
“Rumıniya bu layihənin köməyilə həmçinin region ölkələrinin
enerji təhlükəsizliyini möhkəmləndirmək niyyətindədir”, –
Vircil-Daniel Popesku əlavə edib.
Tvitter:
@Lyaman_Zeyn