Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüş keçirilib

Bakı. Trend:

Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Milli Məclisin
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Əhliman Əmiraslanov da iştirak edib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz
arasında mövcud olan yüksək səviyyəli əlaqələrin dərin tarixi
köklərə əsaslandığını bildirdi: “Türkiyə və Azərbaycan öz
tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını
nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin
Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz
örnəkdir. Dövlət başçılarımızın arasında səmimi dostluq və
qardaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən səhiyyə
sahəsində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir”.

Öz çıxışında Teymur Musayev vurğuladı ki, Azərbaycanda tibbin
bütün sahələri üzrə peşəkar kadrların yetişdirilməsində qardaş
ölkənin tibbi mərkəzlərində çalışan mütəxəssislərin müstəsna
xidmətləri var: “Mən, Vətən müharibəsi dövründə türkiyəli
həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni
zamanda COVID-19 pandemiyasının ən ağır dövründə də yaxından
əməkdaşlıq etdik. Türkiyəli mütəxəssislərin dəyərli tövsiyələri
respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz
tövhəsini verib”.

Teymur Musayev, həmçinin Səhiyyə Nazirliyinin nümayəndə
heyətinin ötən il may ayında Türkiyəyə işgüzar səfərini xatırladıb:
“Səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə
görüş zamanı olduqca səmərəli müzakirələr apardıq, qardaş ölkənin
aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Hər iki
ölkənin səhiyyə nazirlikləri arasında imzalanmış “2022-2023-cü
illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” səhiyyənin bütün
sahələrində təcrübə mübadiləsi və inkişaf baxımından olduqca
faydalıdır”.

Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli”
elan edildiyini vurğuladı: “Ölkəmizdə səhiyyənin inkişafı və tibbi
kadrların hazırlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük
şəxsiyyətin anadan olmasının 100 illiyi ilə əlaqədar Səhiyyə
Nazirliyi tərəfindən silsilə tədbirlər, həmçinin beynəlxalq
elmi-praktiki konfranslar təşkil olunacaq. Bu tədbirlərdə tanınmış
Türkiyəli mütəxəssislərin iştirakı bizim üçün çox önəmlidir”.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi:
“Möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq
münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir”.

Şamil Ayrım həmçinin qeyd edib ki, Türk dünyasının böyük oğlu
Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təkcə
Azərbaycanda deyil, Türkiyədə də mühüm tədbirlər keçiriləcək.

Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə
sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə
əminlik ifadə olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir