SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral – Gənclər Günü
qeyd edilib. Tədbirdə SOCAR prezidentinin müşaviri Aygün Hüseynova,
İctimaiyyətlə əlaqələr və Kommunikasiya Xidmətinin rəisi İlahə
Novruzova, mətbuat katibi Orxan Hüseynov, gənclər və idman
nazirinin müavini Fərhad Hacıyev, Millət vəkili, Milli Məclisin
Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev, Bakı Ali
Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, kollektivi və
tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və
ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin 2
fevral – Gənclər Günü ilə bağlı gənclərə müraciətini əks etdirən
videoçarx nümayiş olunub.

Tədbirə açılış nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov Ali Məktəbin gənclərinin timsalında bütün
Azərbaycan gənclərini təbrik edib. Rektor qeyd edib ki, dövlət
gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulub. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı
Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib və o
gündən sonra hər il Azərbaycanda bu gün təntənəli şəkildə qeyd
olunur. O həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və
gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramı
həyata keçirilir, bölgələrdə Gənclər Mərkəzi yaradılır, gənclərin
dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai
fəaliyyətinə hər zaman xüsusi dəstək verilir. Rektor gənclərə
səslənərək dilimizi, tariximizi dərindən öyrənməyi, onu qorumağı
tövsiyə edib. BANM-in SOCAR-ın strukturunda yaradıldığını
xatırladan rektor bildirib ki, artıq dünyada brendə çevrilən SOCAR
daim Azərbaycan gənclərinin inkişafına dəstək olub, bu yöndə
irimiqyaslı layihələr həyata keçirib.

Çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev,
Millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü
Elnur Allahverdiyev və SOCAR-ın mətbuat katibi Orxan Hüseynov
gəncləri təbrik edib, uğurlar arzulayıblar. Onlar Ulu Öndər Heydər
Əliyev və Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətindən
bəhs edib, gənclər siyasətinin ölkəmizdə prioritet istiqamət
olduğunu, gənclərə xüsusi diqqət və qayğı göstərildiyini
vurğulayıblar.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri adından SOCAR
könüllüsü, Tələbə Gənclər Təşkilatının sədri, Kimya mühəndisliyi
ixtisasının 4-cü kurs tələbəsi Aysu Zamanova çıxışında SOCAR
könüllüsü olmaqdan qürur duyduğunu bildirib. Kimya mühəndisliyi
ixtisasının 2018-ci il məzunu, “SOCAR Downstream”də baş mühəndis
vəzifəsində çalışan Heydər Nəcəfov məzunlar adından çıxış edərək
uğurlarından bəhs edib.

Daha sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və T3
Vəqfinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Teknofest”
Aerokosmik və Texnologiya festivalında qalib komandaların üzvləri,
eləcə də

SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya
Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Enerji
və Dördüncü Sənaye İnqilabı” hakatonunda qalib gələn, həmçinin
beynəlxalq və ölkə miqyaslı müsabiqə, yarışlarda qələbə qazanan,
mükafatlara, diplomlara, sertifikatlara layiq görülən BANM
tələbələri mükafatlandırılıblar.

Həmçinin SOCAR-ın Bakı Ali Neft Məktəbinin 9 gənc əməkdaş və
müəllim heyəti mükafatlarla təltif edilib.

Təntənəli tədbir BANM və Mədəniyyət və İncəsənət Universitetinin
tələbələrinin musiqi nömrələri ilə davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir