Bakıda Dünya Kuboku çox gözəl təşkil olunub – Fransadan olan gimnast

Bakı. Trend:

Bakıda keçirilən dünya çempionatı çox gözəl təşkil olunub,
idmançılar üçün hər cür şərait yaradılıb.

Bu barədə Trend-ə
Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunun
iştirakçısı, Fransa idmançısı Kameron-Li Bernard deyib.

“Təsnifat mərhələsində çıxışımdan razıyam, sabah paralel
qollarda final məşqlərini gözləyirəm. Bakıda dünya çempionatı bu
mövsümə ilk startımdır. Bir az həyəcanlıyam, yaxşı çıxış etmək üçün
əlimdən gələni etməyə çalışıram”, – deyə Fransalı gimnast
bildirib.

O, 2022-ci ildə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya
Kubokunda iştirak etdiyini bildirib:

“Bakıda yarışlar əla keçir, yerində məşq etmək üçün bütün lazımi
şərait yaradılıb, mən burada olmaqdan şadam”.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart
tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında
keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak
edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya
Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord
göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların
ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar
keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə
qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük
yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara
həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi
idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın
idman gimnastikası) təmsil edirlər. Yarışların birinci gününün
nəticələrinə əsasən Nikita Simonov finala halqalarla məşqlə
keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir