30 kiloqramdan çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb, sərhəd pozucular saxlanılıb

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları
tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin
qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə
keçirilməsinin qarşısı alınmış, “Xudat” və “Zaqatala” sərhəd
dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 (dörd)
nəfər sərhəd pozucuları sərhəd naryadlarının sayıqlığı nəticəsində
saxlanılmışlar.

Mart ayının 10-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun
Şükürbəyli kəndi yaxınlığında, mart ayının 11-də saat 05:55-də
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd
dəstəsinin Cəlilabad rayonunun Mikayıllı kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd
naryadlarının sayıqlığı nəticəsində narkotik vasitələrin
qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin
qarşısı alınmışdır.

Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri
nəticəsində ümumilikdə 30 kiloqram 600 qram narkotik vasitə, 1440
ədəd Metadon M-40, 754 ədəd Preqabalin, 50 ədəd Qababrel psixatrop
həbləri və müxtəlif təyinatlı dərman preparatları aşkar olunaraq
götürülmüşdür.

Mart ayının 10-da saat 22:00 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz
rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla
Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd
göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları, 2006-cı il
təvəllüdlü Mahmudov Rəhman Aydın oğlu və 2008-ci il təvəllüdlü
Qədirov Paşa Vüqar oğlu saxlanılmışlar.

Mart ayının 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun
Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti
ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası
istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər
sərhəd pozucusu Qvineya Respublikasının vətəndaşı Camara Moussa və
Liberiya Respublikası vətəndaşı Vhyee Jr Samie Saye
saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi
qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan
Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa
ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən
edilmişdir.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm
еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir