
ADPU-da müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı görüş keçirilib (FOTO)
Bakı. Trend:
Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair maarifləndirici görüş
keçirilib. Görüşdə universitetin 400 nəfərə yaxın sonuncu kurs
tələbəsi iştirak edib.
ADPU-nun mətbuat xidmətindən Trend-ə bildirilib ki, görüşdə
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor
Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektoru Könül
Pirverdiyeva və Azərbaycan Respublikası Təhsil İnstitutunun
nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli
tərəfindən tələbələr üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə
barədə ətraflı təqdimat edilib, onları maraqlandıran suallar
cavablandırılıb. Mərkəz direktoru təqdimatında, xüsusilə hazırda
daha çox hansı fənlər üzrə müəllim kadrlarına ehtiyac duyulduğu
haqqında məlumat verib.
Tədbirdə iştirak edən “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri
Nilüfər Rəhimova və “Alqoritmika” şirkətinin layihə meneceri Qəmər
Məmmədova da öz növbələrində tələbələrə “Rəqəmsal bacarıqlar”
layihəsi və “Code for Future” layihəsi çərçivəsində “Alqoritmika”
tədris proqramı haqqında məlumat verərək, rəqəmsal bacarıqların
inkişafı ilə bağlı layihənin təqdim etdiyi İT imkanları, təlim
proqramları haqqında danışıblar.
Həmçinin ADPU-da qonaq olan Türkiyənin Ankara Universitetinin
rektoru professor Necdet Ünüvar tələbələr önündə çıxış edərək,
təhsilin önəmindən, müəllimlik sənətinin əhəmiyyətindən danışıb,
eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına toxunaraq, bu günün
tələbələrinin sabah bu qardaşlığın davamçısı olacaqlarını
vurğulayıb.