
Ankara Universitetinin rektoru ADPU-da olub (FOTO)
Bakı. Trend:
Martın 11-də Türkiyənin Ankara Universitetinin rektoru professor
Necdet Ünüvar Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)
olub.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqla görüşüb.
Görüşdə ADPU və Ankara Universiteti arasında qarşılıqlı əməkdaşlıq
məsələlərinin vəziyyəti və yeni perspektivlər müzakirə olunub.
Görüşdə Ankara Universitetinin Sosial elmlər fakültəsinin dekanı
professor Orhan Çelik də iştirak edib.
Görüşdən sonra rektor Cəfər Cəfərov qonaqları universitetlə
yaxından tanış edib. Həmçinin universitetdə Azərbaycan Respublikası
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru
Nurlan İsmayılbəyli tərəfindən sonuncu kurs tələbələri ilə
müəllimlərin işə qəbulu imtahanı ilə bağlı keçirilən
maarifləndirici görüşə də qatılan rektor Ünüvar tələbələr önündə
çıxış edərək, təhsilin önəmindən, müəllimlik sənətinin
əhəmiyyətindən danışıb, eyni zamanda Türkiyə-Azərbaycan
qardaşlığına toxunaraq, bu günün tələbələrinin sabah bu qardaşlığın
davamçısı olacaqlarını vurğulayıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında ADPU-nun rektoru prof.
Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar
səfər çərçivəsində Ankara Universitetində olub, rektor prof. Necdet
Ünüvarla görüşmüşdülər. Görüşdə ADPU ilə Ankara Universiteti
arasında akademik əməkdaşlıq protokolu imzalanmışdı.