Azərbaycan könüllüləri Türkiyədən qayıdır

Bakı. Trend:

Türkiyədə zəlzələ bölgəsində könüllü kimi çalışan gənclərimiz öz
qardaşlıq borcunu yerinə yetirib, ötən gün vətənə yola
düşüblər.

Azərbaycan Gənclər Fondundan Trend-ə verilən məlumata görə, bir ay
müddətində ümumilikdə 150 könüllülüdən ibarət Azərbaycan nümayəndə
heyəti on minlərlə zərərçəkmiş müxtəlif dəstəkverici humanitar
xidmətlər göstəriblər. Xüsusi qeyd olunmalıdır ki, bu, Azərbaycan
gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada
xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk
könüllü fəaliyyəti kimi yadda qalacaq.

Kahramanmaraş şəhərində baş tutan yola salınma mərasimində
iştirak edən Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndələri,
Türkiyəli könüllülər, yerli sakinlər, o cümlədən könüllülərimizin
dostlarına çevrilmiş uşaqlar Azərbaycan könüllülərinə minnətdarlıq
ifadə edib, gənclərimizin zəlzələ bölgəsindəki fəaliyyətini yüksək
qiymətləndirib, onlara bu müddət ərzində göstərdikləri qardaş
dəstəyinə görə təşəkkürlərini çatdırıb, uğurlu yol arzulayıblar.
TÜGVA nümayəndələri bu müddət ərazində çiyin-çiyinə işlədikləri
Azərbaycan könüllülərinin əzmkarlığına heyran olduqları, onların
əsl qardaşlıq nümunəsi göstərdiklərini vurğulamışlar.

Məlumat üçün bildirək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan
itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan
dövləti tərəfindən qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən
və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə
Azərbaycanın könüllü gəncləri də qoşulmuşdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir