Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq – Müdafiə naziri

Bakı. Trend:

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin
baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri,
həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri
iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və
torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən
övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına
çatdırıb.

Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ
iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib.

Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan,
Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı
birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını
həyata keçirməsinin yolverilməz olduğu bildirilib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən
qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin
fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz
bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal
edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət
yarandıqda adekvat cavab verməlidir.

Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını
almaq üçün qəti zəruri addımlar atacaq.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilən silah
və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş
tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret
tapşırıqlar verib.

Hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş
qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin
real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət
yetirilməsinin vacibliyi vurğulanıb.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı
təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri
tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.
Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin
yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən
şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret
tapşırıqlar verilib.

Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər
Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə
nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən
tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə
fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti vəzifəli şəxslərə
göstərişlər verilib.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraiti,
həmçinin tibbi təminatı ilə bağlı tələblərini müşavirə
iştirakçılarına çatdırıb.

Azərbaycan Ordusunda mənəvi-psixoloji vəziyyətin, eləcə də döyüş
ruhunun daim yüksək səviyyədə saxlanılmasına dair göstərişlər verən
nazir şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasının
vacibliyini vurğulayıb.

Sonda azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı
tədbirlərinin intensivliyinin artırılması barədə aidiyyəti üzrə
müvafiq göstərişlər verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir