
Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır – Ehud Olmert
Bakı. Trend:
İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir
daha düşünməlidir.
Trend-in məlumatına görə, bu barədə Qlobal Bakı Forumunda
iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert jurnalistlərə
açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanın güclü dostları var, İsrail də
onların arasındadır:
“Azərbaycan ordusu son bir neçə ildə öz gücünü sübut edib,
ölkənin ərazi bütövlüyünü bərpa edib”, – keçmiş nazir əlavə
edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və
ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid
yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün
təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın
qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda
duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı
sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və
nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya
dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və
münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün
tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar
Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin
və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə
yollarını müəyyənləşdirəcəklər.