Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək

Bakı. Trend6

Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM),
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası
Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr
olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması
kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq
konfrans keçirəcək.

BBMM-in və BMTM-in mətbuat xidmətlərindən Trend-ə bildiriblər
ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə
müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan
həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma
yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə
mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində
islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparacaqlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü
olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq
Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının
Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir