
Dumanlı hava şəraiti müşahidə olunur
Bakı. Trend:
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti
müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev
bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer
hadisəsidir.
“Gecə saatlarında buludsuz və az sürətli cənub-şərq küləkləri yer
səthində əks şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb
olub. Bunun nəticəsində yerüstü hava qatında duman əmələ
gəlib”.
R. Verdiyev qeyd edib ki, Şabran, Sabirabad, Salyan, Cəfərxan,
Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları,
Pirallahı, Çilov adasında duman müşahidə olunur və dumanda görünüş
məsafəsi 50-200 metrədək məhdudlaşır.
“Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam
edəcək”.
Rafiq Verdiyevin sözlərinə görə, mart ayı üçün xarakterik
olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da
iqlim normasından 4 dərəcə yüksək olub. Bakıda və Abşeron
yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb.