
Şuşanın əvvəlki görkəmdə bərpası üçün işlər sürətlə davam edir – İsmayıl İsmayılov (FOTO)
Bakı. Trend:
Şuşanın memarlıq abidələri Azərbaycanın digər şəhərlərindən
yaxşı mənada çox fərqlənir. Şuşa şəhərində olan memarlıq
abidələrinin özünəməxsusluğu həm də ondan ibarətdir ki, onların
tikiliş üslubu, eyni zamanda onların üzərində olan daş kitabələri
bu şəhərin qədim Azərbaycan şəhəri olmasını özündə ehtiva edir.
Bunu Trend-ə Şuşa
Şəhər Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin
aparıcı mütəxəssisi İsmayıl İsmayılov deyib.
O bildirib ki, hələ 1977-ci ildə ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şuşa
şəhərinin tarixi-memarlıq hissəsi qoruq elan edilmişdi.
“O zaman abidələrimiz əsaslı şəkildə, çox həssaslıqla bərpa
edilib. Təəssüf ki, 1992-ci ilin may ayının 8-də mənfur
düşmənlərimizin xarici qüvvələrin dəstəyi ilə şəhərə etdikləri
hücum nəticəsində qeyri-bərabər döyüş şəraitində Şuşa şəhəri işğala
məruz qaldı. Həmin gündən başlayaraq düşmən şəhərdə olan abidələrin
hamısını məqsədyönlü şəkildə dağıtmağa başladı. Abidələri
dağıtmaqda düşmənin əsas məqsədi o idi ki, Şuşanın Azərbaycana
məxsus olmasının izlərini itirsinlər. İşğal dövründə bu proses
dayanmadan davam etdirildi və nəticədə bu memarlıq incisi
xarabalığa çevrildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi,
uğurlu siyasəti və ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən
müharibəsində tarixi Zəfər əldə etdik və yenidən Şuşa şəhərinə
qovuşduq. 30 illik işğaldan sonra Şuşa şəhərini ziyarət edən zaman
dağıntıların miqyasının daha böyük olmasına şahidlik etdik.
Zədələnməmiş, dağılmamış tikili qalmamışdı. Yaşayış evlərindən
tutmuş inzibati, ictimai binalara qədər hamısı dağıdılıb, yer
üzündən silinib”, – deyə İ.İsmayılov qeyd edib.
O vurğulayıb ki, Şuşa eyni zamanda Azərbaycanın ən çox
sənədləşdirilmiş şəhərlərindən biridir.
“Yəni fotoşəkillərdən tutmuş arxiv məlumatlarına qədər kifayət
qədər materiallar var və bütün bunlar şəhəri əvvəlki görkəmində
bərpa etmək üçün geniş mənbədir. Bilirsiniz ki, qısa müddət ərzində
işğaldan azad edilmiş ərazilərdə çox geniş miqyaslı işlər aparıldı
və hazırda da davam etməkdədir.
Dövlətimiz paralel olaraq Şuşa şəhərinin əvvəlki görkəmdə bərpa
olunması istiqamətində işlər görməyə başladı. Bu işlər Azərbaycan
dövlətinin öz vəsaitləri hesabına həyata keçirilir. Abidələrin
bərpası sürətlə aparılır və artıq bir neçə abidə təhvil verilib.
Bura aid etmək olar Şuşa qala divarlarının böyük hissəsini, dahi
Bülbülün ev muzeyini, Cıdır düzünə aparan tarixi daş döşəməli
yolları, Molla Pənah Vaqifin məqbərəsini. Hazırda bərpası aparılan
abidələrimizin də sayı çoxdur. Bura Aşağı Gövhər ağa məscidini,
Yuxarı Gövhər ağa məscidini, Saatlı məscidini, Təzə məhəllə
məscidini, Mamayı bulağını, Xoca Mərcanlı bulağını,
Mehmandarovların malikanə kompleksini və digərlərini aid etmək
olar. Bu işlər böyük sürətlə aparılır və işləri kənardan seyr
etdikcə görürsən ki, ən qısa müddətdə şəhərimiz əvvəlki görkəmdə
bərpa olunacaq və bütün dünyanı öz gözəlliyi ilə valeh edəcək”, –
deyə İ.İsmayılov vurğulayıb.
Şuşada yeni binaların tikilməsinə münasibət bildirən İ.İsmayılov
vurğulayıb ki, yeni yaşayış binaları cari ilin sonuna qədər təhvil
veriləcək və dövlət proqramına uyğun olaraq əhalinin köçürülməsi
həyata keçiriləcək.