
Alim Eldar Qocayev vəfat edib
Bakı. Trend:
Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri
doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri,
professor, el ağsaqqalı Eldar Mehralı oğlu Qocayev vəfat edib.
Trend xəbər verir ki, alim martın 11-də gecə saatlarında
dünyasını dəyişib.
Qocayev Eldar Mehralı oğlu 1944-cü ildə anadan olub.
1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt
filialında əmək fəaliyyətinə başlayıb. Sumqayıt şəhərində işlədiyi
dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların
hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi
xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ
Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.
Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2
fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1
pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O,
vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1
dissertantın elmi rəhbəri idi.
Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs
vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika
kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi
xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.
O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!