
Bu gün 50 mindən çox şagird buraxılış imtahanı verəcək
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin
Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında,
Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux,
Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli,
Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik,
Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı
kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında,
həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə
müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan
məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış
imtahanı keçirir.
DİM-dən Trend-ə bildirilib ki, imtahan saat 11:00-da başlanır.
Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn
iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə
215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832
nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215
bina nümayəndəsi cəlb edilib.
İmtahanda 50 min 823 şagirdin iştirakı gözlənilir. İmtahanda 47
nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların
rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi
zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin
edilib.
Bu gün Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də
buraxılış imtahanı keçirilir. Bu, DİM-in işğaldan azad olunan
rayonlarda təşkil etdiyi ilk imtahandır.
Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait
yaradılıb.