Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir (FOTO/VİDEO)

Bakı. Trend:

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları
yaranmasının növbəti ildönümünü qeyd edir.

Trend xəbər verir ki, bu münasibətlə daxili işlər naziri
general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti
və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin
xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən
övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Həmin gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların rəhbər
heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən,
zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə
çatdıran general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər
Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun
xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini
məmnunluqla xatırladaraq Prezident cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində
ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının əhəmiyyətli
dərəcədə möhkəmləndiyini bildirib.

Nazir vurğulayıb ki, bu gün dövlət başçısının ali diqqət və
qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili
Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək
keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın
əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq”
əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha
təsdiq etdi.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, cənab
Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 12 hərbi
qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət
tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını
vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin
Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də
Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi
dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi
qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. O da
qeyd olunub ki, Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində
Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun
yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib,
hərbi hissələr müasir standartlara uyğun texnika, xüsusi vasitələr
və rabitə sistemləri ilə təchiz edilib.

Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində
şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin
etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli
xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət
Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da
vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd
əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə,
asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə
dayanacaqlarına əminliyini ifadə edib.

Daxili işlər nazirinin müavini – daxili qoşunlar komandanı
general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və
fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Tədbirə yekun vuran nazir V.Eyvazov DİN-in Daxili Qoşunlarının
ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti,
respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər
və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə
ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi
xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini
məmnunluqla qeyd edərək vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi
qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha
böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. O, Qoşunların hərbi
qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni
mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və
bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili
təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına
əminliyini ifadə edib.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif
edilməsi barədə daxili işlər nazirinin və nazir müavini – daxili
qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra
mükafatlar sahiblərinə təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir