DİM tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

Bakı. Trend:

Martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail,
Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir
şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz,
Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı,
Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli,
Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba,
Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat
məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə),
tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil
alan şagirdlər üçün buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildiriblər ki, imtahan
keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880
imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi
rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı
rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb. Bu
imtahanda 50 min 823 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi
nəzarətçilər təyin edilib.

Bu gün həmçinin Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində
də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin
işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahandır.

İlkin məlumatlara əsasən, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə
mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma
aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan
hallarla bağlı araşdırma aparılır. Bundan əlavə, imtahanın gedişi
zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon
aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən
binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil
olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına
təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin
şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər ümumiyyətlə buraxılış
imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda
iştirak edərək 20 bal toplayıb. Faktla bağlı polis əməkdaşları
tərəfindən araşdırılma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında
olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti
başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana
gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən
şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə tövsiyə edirik
ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış
vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət
vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil
müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış
arayışı gətirməyi unutmasınlar.

Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab
vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli
tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin
yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir