
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxış edib
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında
və Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında iştirak etmək
üçün Bəhreyn Krallığında işgüzar səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda
Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Bəhreyn
Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası
İttifaqın 146-cı Assambleyasında “Dinc birgəyaşayışın və inklüziv
cəmiyyətlərin təşviqi: dözümsüzlüklə mübarizə” mövzusunda çıxış
edib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan parlamentinin
spikeri müasir qlobal çağırışlar kontekstində Assambleyada müzakirə
olunan mövzunun müstəsna əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki,
dünyamız qarşılıqlı əlaqəli və mürəkkəb olduğundan, dinc
birgəyaşayış və inklüziv cəmiyyətlər məsələsi sadəcə daxili sosial
proses kimi qəbul edilə bilməz. Bu məsələ çoxdan bu mahiyyəti
aşaraq bütün dünya üçün əhəmiyyətli bir amilə çevrilib. Vurğulanıb
ki, bu həm də dünyada daha dayanıqlı sülhə, ədalətə, sabitliyə və
davamlı inkişafa olan ümidlərimizlə sıx bağlıdır.
Sahibə Qafarova bu gün dünyada radikalizmin, ksenofobiyanın,
irqçiliyin, islamofobiyanın, ayrı-seçkiliyin və nifrətin artmasını
keçmişdə multikulturalizm ideyalarının qəbul edilməməsi və bəzi
siyasi liderlərin onu uğursuzluq kimi qələmə verməsi ilə
əlaqələndirib və dünyanın daha bölünmüş, dözümsüz və qeyri-sabit
hala gəlməsinin onların səhv etməsinin daha bir sübutu olduğunu
deyib.
Milli Məclisin sədri dözümsüzlüyün aradan qaldırılması, dinc
birgəyaşayışa və inklüziv cəmiyyətlərə nail olunması yolları ilə
bağlı fikirlərini bölüşüb. O, bildirib ki, hər şeydən əvvəl,
müxtəlifliyi ziddiyyət kimi deyil, zənginlik kimi qəbul etmək, heç
bir ayrı-seçkilik etmədən hamıya bərabər hüquqlar və bərabər
imkanlar vermək lazımdır. Vurğulanıb ki, müxtəlif mədəniyyətlərin,
etnik qrupların və dinlərin nümayəndələri arasında dialoq təşviq
edilməlidir. Bunlar demokratik, ədalətli və dinc cəmiyyətlərin
qurulması üçün əsas ilkin şərtlərdir.
Spiker Sahibə Qafarova dünyada mədəniyyətlərarası və dinlərarası
dialoqun, multikulturalizmin mərkəzlərindən biri kimi qəbul edilən
Azərbaycanın təcrübəsindən söz açıb. Bu nailiyyətin təməlində
dayanan amilləri diqqətə çatdıran spiker qeyd edib ki, cəmiyyətimiz
əsrlər boyu formalaşmış mənəvi dəyərləri rəhbər tutur. Cənubi
Qafqaz regionunda Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın
bir-birinə hörmət, dostluq və sülh şəraitində birgə yaşayan
müxtəlif etnik və dini qrupların ümumi evi olduğunu bildirən Sahibə
Qafarova vurğulayıb ki, mədəni müxtəliflik bizim zəifliyimiz deyil,
gücümüzdür. Azərbaycanda müxtəlif dini və mədəni abidələr,
məscidlər, kilsələr və sinaqoqlar yan-yana sıralanıb.
Diqqətə çatdırılıb ki, multikulturalizm xalqımız üçün bir həyat
tərzidir, eyni zamanda bu, dövlət siyasətidir. Hökumətimiz bu
dəyərləri qorumaq və daha da inkişaf etdirməklə yanaşı, Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin
himayəsi altında multikulturalizmi, tolerantlığı və dinlərarası
dialoqu təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil edir.
Hazırda qaçqın və məcburi köçkün probleminin ən əsas və ən çox
narahatlıq doğuran məsələlərdən biri olduğunu vurğulayan Milli
Məclisin spikeri bu məsələnin bir çox hallarda sülh və
təhlükəsizliyin pozulması ilə əlaqəli olduğunu qeyd edib.
Beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin öz qonşusu
Ermənistan tərəfindən 30 il əvvəl işğal edilməsi ilə Azərbaycan
bunun bilavasitə şahidi olub. Diqqətə çatdırılıb ki, Ermənistanın
işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan
çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və
Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan
bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün
tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Sahibə
Qafarova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan
ərazilərində olduğu kimi, əsrlər boyu indiki Ermənistanda yaşamış
Qərbi azərbaycanlılara məxsus bütün tarixi və dini abidələri də
məhv edib. Spiker bütün bunları monoetnik Ermənistan dövləti
tərəfindən dözümsüzlük və nifrətin açıq nümayişi kimi
dəyərləndirib.
Azərbaycan parlamentinin rəhbəri bildirib ki, işğal illərinin
acı nəticələrinə baxmayaraq, 2020-ci ildə ərazilərinin işğaldan
azad edilməsindən dərhal sonra, məhz Azərbaycan sülh gündəliyi və
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə
çıxış edib. O, diqqətə çatdırıb ki, bu gündəm beynəlxalq hüququn 5
prinsipinə əsaslanır. Buna baxmayaraq, Ermənistan beynəlxalq
ictimaiyyəti yalan məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirmir və Azərbaycan ərazisinə
qanunsuz şəkildə silah-sursatın, minaların daşınmasını, şəxsi
heyətin rotasiyasını davam etdirir.
Özündən əvvəl çıxış etmiş Ermənistan parlamenti spikerinin
səsləndirdiyi fikirlərə toxunan Sahibə Qafarova bu fikirləri
Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifin növbəti
təzahürü kimi qiymətləndirib.
Milli Məclisin spikeri Assambleyada müzakirəyə çıxarılmış dinc
birgəyaşayış və inklüziv cəmiyyətlər kimi mühüm mövzuyla bağlı
dünyanın öz təcavüzkar, ayrı-seçkiliyə və dözümsüzlüyə köklənmiş
siyasəti ilə tanınan ən monoetnik ölkələrindən birinin
nümayəndəsinin çıxış etməsindən təəssüfləndiyini diqqətə
çatdırıb.
Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya
onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova
azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan
bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş
vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması
ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu
bildirib.
İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə
qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan
Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit
edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların
təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait
yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv
hüquqlarını təmin etməlidir.
Ermənistan nümayəndəsinin utanmadan ölkəsinin heç bir ölkəyə
qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan
Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın
işğal altında saxladığını bir daha xatırladıb. Digər tərəfdən,
Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatı
pozaraq, öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərində saxlamağa davam edir.
Milli Məclisin sədri qeyd edib ki, erməni nümayəndə Azərbaycanın
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin sayı ilə bağlı
məqsədyönlü şəkildə yalan və uydurma rəqəmləri səsləndirməkdən
çəkinməyib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki,
Azərbaycanın 25 minə yaxın erməni əsilli vətəndaşının hamısı digər
vətəndaşlarımızla bərabər hüquqlardan istifadə edəcək. Azərbaycanın
yaxşı tanınan multikultural və tolerant siyasəti və ənənələri buna
əmin olmağa imkan verir.
Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada”
olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli
Məclisin sədri diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və
humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və
bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar
tərəfindən də təsdiq olunur.
Sahibə Qafarova Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə
əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata
keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin
etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin sədri bu gün, həmçinin Assambleya
çərçivəsində keçirilən İdarəetmə Şurasının iclasında da iştirak və
çıxış edib.