Sahibə Qafarova Ermənistan parlamenti spikerinin yalan iddialarını ifşa edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin (QHPŞ) İkinci Konfransında və
Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında bu gün keçirilən
müzakirələrdə çıxış edib.

Azərbaycan parlament rəhbərindən əvvəl çıxış edən Ermənistan
parlamentinin spikeri Alen Simonyan öz erməni xislətinə sadiq
qalaraq, Azərbaycanın ünvanına böhtanlar səsləndirib. Lakin bu dəfə
də onun həqiqətdən uzaq iddiaları layiqincə cavablandırılıb. Belə
ki, Milli Məclisin sədri Sahibə Qafarova öz çıxışında erməni
spikerin yalanlarını ifşa edib.

Bu barədə Trend-ə
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib. Spiker Sahibə Qafarova çıxışında deyib ki, Ermənistanın
işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan
çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və
Ermənistandan qaçqın vəziyyətinə düşüb. İşğal illərində Ermənistan
bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, Azərbaycanın bütün
tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində olduğu kimi, əsrlər
boyu indiki Ermənistanda yaşamış Qərbi azərbaycanlılara məxsus
bütün tarixi və dini abidələri də məhv edib. Spiker bütün bunları
monoetnik Ermənistan dövləti tərəfindən dözümsüzlük və nifrətin
açıq nümayişi kimi dəyərləndirib.

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, işğal illərinin
acı nəticələrinə baxmayaraq, 2020-ci ildə ərazilərinin işğaldan
azad edilməsindən dərhal sonra, məhz Azərbaycan sülh gündəliyi və
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə
çıxış edib. Bu gündəm beynəlxalq hüququn 5 prinsipinə əsaslanır.
Buna baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti yalan
məlumatlarla çaşdırmaqla yanaşı, öz üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirmir və Azərbaycan ərazisinə qanunsuz şəkildə
silah-sursatın, minaların daşınmasını, şəxsi heyətin rotasiyasını
davam etdirir.

Özündən əvvəl çıxış etmiş Ermənistan parlamenti spikerinin
səsləndirdiyi fikirlərə toxunan Sahibə Qafarova bu fikirləri
Ermənistanın həyata keçirdiyi saxtakarlığın və təhrifinin növbəti
təzahürü kimi qiymətləndirib.

Milli Məclisin spikeri Assambleyada müzakirəyə çıxarılmış dinc
birgəyaşayış və inklüziv cəmiyyətlər kimi mühüm mövzuyla bağlı öz
təcavüzkar, ayrı-seçkiliyə və dözümsüzlüyə köklənmiş siyasəti ilə
tanınan dünyanın ən monoetnik ölkələrindən birinin nümayəndəsinin
çıxış etməsindən təəssüfləndiyini diqqətə çatdırıb.

Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya
onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova
azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan
bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş
vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması
ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu
bildirib.

İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə
qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan
Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit
edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların
təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait
yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv
hüquqlarını təmin etməlidir.

Ermənistan nümayəndəsinin utanmadan ölkəsinin heç bir ölkəyə
qarşı ərazi iddiasının olmadığı haqda fikir bildirməsinə toxunan
Sahibə Qafarova Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın
işğal altında saxladığını bir daha xatırladıb. Digər tərəfdən,
Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatı
pozaraq, öz silahlı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərində saxlamağa davam edir.

Milli Məclisin sədri qeyd edib ki, erməni nümayəndə Azərbaycanın
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin sayı ilə bağlı
məqsədyönlü şəkildə yalan və uydurma rəqəmləri səsləndirməkdən
çəkinməyib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki,
Azərbaycanın 25 minə yaxın erməni əsilli vətəndaşlarının hamısı
digər vətəndaşlarımızla bərabər hüquqlardan istifadə edəcək.
Azərbaycanın yaxşı tanınan multikultural və tolerant siyasəti və
ənənələri buna əmin olmağa imkan verir.

Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada”
olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli
Məclisin sədri diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və
humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və
bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar
tərəfindən də təsdiq olunur.

Sahibə Qafarova Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə
əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata
keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin
etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir