
“Ali təhsil” haqqında yeni qanun layihəsi hansı yeniliklər gətirəcək? – Komitə sədri açıqladı
Bakı. Trend:
Ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya
mərkəzlərinə çevrilməsi prosesi sürətləndirilməli və onların dünya
reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarı ilə
tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri
əsasında rəqabətqabiliyyətli yenilikçi peşəkar kadrların
hazırlanması təmin edilməlidir.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri
Bəxtiyar Əliyev “Ali təhsil” haqqında qanun layihəsinə münasibət
bildirərkən deyib.
B.Əliyev qeyd edib ki, ali təhsil müəssisələrinin müasir
elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi
sürətləndirilməli və onların dünya reytinqində irəliləməsi təmin
olunmalıdır.
“Nəticə etibarı ilə tədqiqat universitetlərinin yaradılması,
əmək bazarının tələbləri əsasında rəqabətqabiliyyətli yenilikçi
peşəkar kadrların hazırlanması təmin edilməlidir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan
Respublikasında elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul
2022-ci il tarixli 1769 saylı Fərman imzalayıb. Hesab edirik ki, bu
fərmanla elm və təhsilin vəhdətinin təmin edilməsinin hüquqi
bazasının yaradılmasının əsası qoyulub.
Həmin Fərmanın 2-ci bəndində “Elm sahəsində dövlət siyasətinin
və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və
təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və
istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər” Elm və Təhsil
Nazirliyinə həvalə edilmişdir. Hesab edirik ki, bu, təhsillə elmin
vəhdətini təmin etməyə, koordinasiyanın, nəticə əsaslı elmi
araşdırılmaların maliyyələşdirilməsində şəffaflığın və
hesabatlılığın, elmi dürüstlüyün və digər məsələlərin həllinə imkan
verəcəkdir. “Ali təhsil haqqında” qanun layihəsində də bu məsələ öz
həllini tapır”, – deyə B.Əliyev bildirib.
O qeyd edib ki, qloballaşma dövründə yeni çağırışlar, mövcud
dünya təcrübəsinin təhlili və Azərbaycanın sürətli və davamlı
iqtisadi inkişafının yaratdığı yeni gerçəkliklər ali təhsil
sahəsində köklü islahatların həyata keçirilməsinin qanunvericilik
bazasının möhkəmləndirilməsini zəruri edir.
“Qanun layihəsi hazırlanarkən Prezident İlham Əliyevin müəyyən
etdiyi Azərbaycan milli təhsil sisteminin inkişaf strategiyası,
rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi
üçün insan kapitalının formalaşdırılması konsepsiyası, qarşıda
dayanan vəzifələr və hədəflər əsas götürülmüş, inkişaf etmiş
ölkələrin ali təhsil sahəsində təcrübəsi və qanunvericiliyi,
beynəlxalq konvensiyalar və tövsiyələr öyrənilib.
Qanun layihəsində ali təhsil sahəsində dövlət siyasətinin
məqsədi, prinsipləri və istiqamətləri, ali təhsil sisteminin
quruluşu, Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı, ali
təhsil proqramları və təhsil prosesinin təşkili, ali təhsildə
keyfiyyət təminatı, xarici dövlətlərin ali təhsilə aid
kvalifikasiyalarının və təhsil müddətinin tanınması, ali təhsilin
idarə olunması, ali təhsil prosesi iştirakçıları, onların hüququ və
vəzifələri, ali təhsildə elmi tədqiqat və innovasiyalar, ali təhsil
müəssisəsində ictimai qurumlar, ali təhsilin iqtisadiyyatı, ali
təhsilin beynəlmiləlləşməsi və ali təhsil rəqəmsallaşdırılması və
digər məsələlərin hüquqi bazası müəyyən edilir.
Tələbə nailiyyətinin qiymətləndirilməsi və ona dair tələblər,
təhsilverənlər və təhsilalanlar, mobillik, kreditlərin daşınması və
tanınması məsələləri də qanun layihəsində nəzərə alınıb”, – deyə
B.Əliyev əlavə edib
Onun sözlərinə görə, qanun layihəsində “Azərbaycan
Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar
Çərçivəsinə” və “Milli Təhsil Təsnifatına” uyğun olaraq ali
təhsilin qısamüddətli təhsil mərhələsi və ali təhsilin üç səviyyəsi
(bakalavriat, magistratura, doktorantura) və onlara verilən
tələblərin müəyyən edilir.
“Həmçinin qanun layihəsində inteqrasiya edilmiş ali təhsil
proqramları da nəzərdə tutulur. Bu isə ali təhsilin səviyyələri
arasında keçidlərin və təhsil müddətlərinin müəyyən edilməsində ali
təhsil müəssisəsi üçün mühüm alətdir.
Qanun layihəsində doktorantura təhsil səviyyəsi birmərhələli
nəzərdə tutulur və fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə
tamamlanır. Ali təhsilin bu səviyyəsində akademik kredit sistemi
əsasında təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Tibb təhsilinin keyfiyyətinin artırılması məqsədilə səciyyəvi
xüsusiyyətlər nəzərə alınaraq ali tibb təhsili ayrıca maddədə
verilir. Amma burada müzakirə ediləsi bir neçə mühüm məqam da var
ki, bu istiqamətdə işimizi müvafiq qurumlarla davam
etdirməliyik.
Əsas məsələlərdən biri də təhsilin keyfiyyətinin təmin
olunmasıdır. Bununla əlaqədar qanun layihəsində kvalifikasiyaların
müvafiq peşə standartlarına və ali təhsilin dövlət standartına
əsaslanması, ali təhsildə daxili keyfiyyət təminatı sistemi və
xarici keyfiyyət təminatı sisteminin yaradılması nəzərdə tutulur.
Ali təhsildə xarici keyfiyyət təminat sistemi təhsil müəssisəsinin
institusional akkreditasiyasını və təhsil proqramlarının
akkreditasiyasını nəzərdə tutur. Bu mexanizmin yaradılması ali
təhsil müəssisəsinin statusunu, təhsilalanların say həddini, təhsil
proqramlarının əmək bazarının tələblərinə uyğunluğunu və yeni
təhsil proqramlarına tələbatı, həmçinin təhsil müəssisəsinin
inkişafına əlavə maliyyə vəsaitinin ayrılması ilə baaşlı məsələləri
həll etməyə imkan verəcəkdir. Qanun layihəsində səriştə əsaslı ali
təhsil proqramlarına, təhsil proqramlarının akkreditasiyasına və
reyestrinin yaradılmasına verilən tələblərin müəyyən edilməsi
nəzərdə tutulur.
Hesab edirik ki, ali təhsil müəssisələri əmək bazarının
tələblərindən çıxış edərək yeni peşələr üzrə yeni təhsil
proqramlarının hazırlanması təşəbbüsünə malik olmalıdırlar. Bu, həm
elmi araşdırmaların, həm də kadr hazırlığının ölkənin iqtisadi
inkişafında rolunu gücləndirməyə imkan verən alətlərdən biri
olmalıdır. Fikrimizcə, ən mühüm məsələlərdən biri ali təhsil
müəssisəsində elmi tədqiqatların gücləndirilməsi, tələbələrin
tədqiqat işlərində iştirakının təmin edilməsi və elmi nəticələrin
kommersiyalaşdırılmasıdır. Bunun üçün dövlət tərəfindən və özəl
şirkətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi inkişafa, ölkənin
müdafiə qabiliyyətinin artırılmasına və Azərbaycanın tarixinin və
mədəni irsinin araşdırılmasına investisiyaların cəlb edilməsi
olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü
insan kapitalının formalaşdırılması konsepsiyasının
gerçəkləşdirilməsi üçün təhsilə və elmə sərmayələrə
artırılmalıdır”, – deyə komitə sədri əlavə edib.