Azərbaycan dünyada baş verən qlobal məsələlərin həllinə ciddi töhfələr verir – Şahin İsmayılov

Bakı. Trend:

Bakı dünyada böyük nüfuza malik olan beynəlxalq tədbirlərin
keçirildiyi paytaxt şəhəridir. Burada həyata keçirilən qlobal
tədbirlərin hər biri yüksək səviyyədə təşkilatçılıq, peşəkarlıq,
qonaqpərvərlik, əlamətdar hadisələr və mühum qərarların qəbulu ilə
yadda qalır. Martın 9-da start götürən “Dünya bu gün: Çağırışlar və
ümidlər” mövzusunda X Qlobal Bakı Forumu belə uğurlu tədbirlərdən
biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən bu Forum dünyanın diqqətini cəlb edir
və müzakirə mövzusuna görə böyük əhəmiyyət kəsb edir. 60 ölkədən
350 nəfər iştirakçının qatıldığı Bakı Qlobal Forumunda 50-dən artıq
hazırkı və sabiq prezident və baş nazir var. Bu baxımdan
müzakirlərin səviyyəsi kifayət qədər yüksəkdir. Peşəkarlıq və
davamlılığın nəticəsində Bakı Qlobal Forumu aparıcı beynəlxalq
foruma çevrilib.

Prezident İlham Əliyev Forumun açılışında çıxış edərkən bir sıra
vacib məqamlara toxundu. Azərbaycanın bir az passiv Qoşulmama
Hərəkatını canlandırmağa çalışdığını qeyd edən Azərbaycan
Prezidenti BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin
təşəbbüskarı olduğumuzu, pandemiya ilə mübarizə sahəsində məlumat
bazasının yaradılmasına nail olunmasını, Pandemiya ilə mübarizəyə
həsr olunmuş Zirvə toplantısının keçirilməsini, peyvənd
millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz
səsimizi ucaltdığımızı, Hərəkatın 60 illik tarixində ilk dəfə
ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsinin yaradılmasını və bir
sıra digər fəaliyyətləri tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Bütün bunlar göstərir ki, Azərbaycan dünyada baş verən qlobal
məsələlərin həllinə ciddi töhfələr verir.

Prezident İlham Əliyevin diqqət yönləndirdiyi məsələlərədən biri
də Azərbaycan – Ermənistan münasibətləridir. 1992-ci ildə münaqişə
yarandıqdan sonra ATƏT-in Minsk qrupu təsis edilsə də 28 il ərzində
onlar hər hansı nəticəyə nail olmadı. Bu o deməkdir ki, Azərbaycan
torpaqlarını işğaldan azad etməklə həm də, münaqişəni daimi
dondurmaq istəyən bəzi qüvvələrə də qalib gəlmiş oldu. Azərbaycanın
çoxkonfessiyalı, çoxmillətli ölkə olmasını qeyd edən Prezident
İlham Əliyev Qarabağda yaşayan ermənilərin əvvəlkindən daha yaxşı
yaşayacağını bildirdi. Bu heç kimdə şübhə doğurmur. Azərbaycanın
dünyada nüfuzlu ölkə kimi tanınması, güclü iqtisadiyyata malik
olması, beynəlxalq hüquqa əməl edən ədalətli dövlət olması bunu
isbat edir. Ermənistanın siyasi rəhbərliyi də onlar üçün yaranan bu
böyük şansdan yararlanmalıdır. Bu, regionda sülhün bərqərar
olunması və insanların əmin-amanlıq içində yaşaması üçün ən düzgün
yoldur.

Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir