
DYP sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata
əsasən martın 13-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə
ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800
metrədək məhdudlaşacağı gözlənilir ki, bu da sürücülər üçün bir
sıra çətinliklər yarada bilər.
Bu barədə Trend-ə
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, qatı duman digər hərəkət iştirakçılarının, habelə
nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə
yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq,
sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin,
xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, eləcə də
ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək
tələb olunur.