
KOBİA və bp əməkdaşlığı regionlarda gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək – Orxan Məmmədov
Bakı. Trend:
Bu gün imzalanacaq Anlaşma Memorandumu bundan öncəki
əməkdaşlığın davamı olaraq kiçik və orta biznesin inkişafına dəstək
proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə
BP şirkəti arasında qarşılıqlı fəaliyyətin forma və mexanizmlərini
müəyyən edəcəkdir.
İnanıram ki, bu əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr
regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına
müsbət təsir göstərəcək, yeni biznes və iş yerləri yaratmaqla
özünüməşğulluğun inkişafına töhfə verəcək, eyni zamanda bu
əməkdaşlıq çərçivəsi bir təcrübə kimi digər layihələrin icrasında
istifadə olunacaqdır.
Trend-in məlumatına görə,
bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA və BP arasında kiçik və
orta biznesin inkişafına dəstək tədbirləri çərçivəsində əməkdaşlığa
dair anlaşma memorandumunun imzalanması mərasimində deyib.
O əlavə edib ki, BP 30 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət
göstərir. Bu müddət ərzində şirkət uğurlu neft strategiyasının
gerçəkləşməsində daim Azərbaycanla təhlükəsiz, məsuliyyətli və
səmərəli iqtisadi əməliyyatlar icra etmişdir. Eyni zamanda ölkə
iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırıb.
O.Məmmədov qeyd edib ki, bu illər ərzində BP Azərbaycana yeni
texnoloji tətbiqlərin gətirilməsində müstəsna rol oynayıb:
“Ölkəmizdə dünya səviyyəli tikinti və istehsal obyektlərinin
yaranması, on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfənin
verilməsi, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verilməsi,
yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edilməsi kimi
məsələlərdə ölkəmiz üçün ciddi töhfələr vermişdir.
Həm də BP sosial sərmayələr sahəsində ən yüksək keyfiyyətli
layihələri həyata keçirmək və dayanıqlı nəticələrə nail olmaq üçün
öz fəaliyyət sahələrində nisbi üstünlüyə malik olan nüfuzlu icraçı
tərəfdaşlarla bir çalışır ki, bu məhz KOB subyektləridir.
Sevindirici haldır ki, KOBİA və BP şirkətinin birgə əməkdaşlığa
töhfə verəcək bir sıra layihələrdə ayrı-ayrı komponentlər üzərində
iştirakçılığı olub.
Qurumlarımız arasında müəyyən edilmiş tərəfdaşlıq çərçivəsi
2018-ci ilin dekabr ayında imzaladığımız Anlaşma Memorandumunda əks
olundu və daha sonra bir sıra birgə təşəbbüslər üzərində
çalışdıq.
Bir neçə ildir ki, KOBİA-nın tərəfdaşlığı ilə keçirilən “EY İlin
İş Adamı” müsabiqəsində BP şirkəti sponsor dəstəyi ilə çıxış
edir.
KOBİA startapların, qadınların, əlilliyi olan şəxslərin
iştirakına xüsusi diqqət göstərilən sərgi və yarmarkaların
təşkilində bir sıra şirkətlərlə yanaşı BP şirkəti ilə də əməkdaşlıq
etmişdir.
Bu gün imzalanacaq Anlaşma Memorandumu bundan öncəki
əməkdaşlığın davamı olaraq kiçik və orta biznesin inkişafına dəstək
proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə
BP şirkəti arasında qarşılıqlı fəaliyyətin forma və mexanizmlərini
müəyyən edəcəkdir.
Belə ki, sözügedən sənəd kiçik və orta biznesin inkişafının
dəstəklənməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili, dövlət və
özəl sektor arasında praktik əlaqələrin genişləndirilməsi,
sahibkarların maarifləndirilməsi, Azərbaycanda müxtəlif dayanıqlı
inkişaf təşəbbüsləri, o cümlədən aztəminatlı şəxslərin məşğulluq
bacarıqlarının və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsinə
yönəlmiş sosial layihələrin həyata keçirilməsi, xüsusilə neft və
qaz kəmərlərinin keçdiyi bölgələrdə və həmçinin ölkə miqyasında
sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə xidmət edən sahələrdə
qarşılıqlı əməkdaşlığı tənzimləyir.
BP şirkəti özəl sektorda mütərəqqi korporativ idarəetmə
sisteminə malik şirkətlərdəndir. Azərbaycanda mühüm layihələrin
iştirakçısı olan BP qabaqcıl texnoloji avadanlıqların tətbiqi,
müxtəlif yeniliklərin həyata keçirilməsi və sosial məsuliyyət
sahəsində fəal işlər aparır.
KOBİA də öz növbəsində yeni sahibkarlıq subyektlərinin
yaradılması, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək,
xüsusilə bu meyarlar üzrə formalaşmış sahibkarların fəaliyyətinin
daha səmərəli təşkili və biznesin idarə edilməsində peşəkarlıq
məsuliyyətinin yüksəldilməsi məqsədilə dövlət və özəl təşkilatlarla
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm
verir. Mandatımız donor təşkilatların və qeyri-hökumət
təşkilatlarının startapları və sahibkarları dəstəkləyən layihələri
əlaqələndirməyə və birgə təşəbbüsləri həyata keçirməyə imkan
verir.
Biz bu əməkdaşlıq çərçivəsində ölkə əhalisinin sahibkarlıq
fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi, o cümlədən
aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə
dəstək tədbirləri göstərə, habelə dövlət və özəl təşkilatların bu
kimi təşəbbüslərini əlaqələndirə bilərik.
Ötən dövrdə KOBİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramının icrasına
dəstək göstərmişdir. Eyni zamanda, 2021-ci ildən start verilmiş
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi
çərçivəsində İsmayıllı rayonunda 15, Astara, Lerik və Lənkəran
rayonlarında isə 17 kənd qonaq evi yaradılaraq, müvafiq
avadanlıqlarla təmin edilib.
KOBİA olaraq müxtəlif dəstək mexanizmləri və xidmət şəbəkələri,
o cümlədən KOB İnkişafı Mərəzləri, KOB Dostu şəbəkələri, daxili
bazar araşdırmasına dəstək, qrant proqramı, bazarlara çıxışa dəstək
və s. vasitəsilə KOB-lar üçün müxtəlif layihələrinin həyata
keçirilməsində iştirak edirik.
Düşünürük ki, dövlət və özəl sektorunu təmsil edən tərəfdaşlar
ilə birgə resursların birləşdirilməsi və birgə təşəbbüslərin həyata
keçirilməsi fəaliyyətimizin nəticələrini və təsir dairəsini
kəmiyyət və keyfiyyət baxımından da inkişaf etdirəcəkdir.
İnanıram ki, bu əməkdaşlıq çərçivəsində reallaşacaq layihələr
regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına
müsbət təsir göstərəcək, yeni biznes və iş yerləri yaratmaqla
özünüməşğulluğun inkişafına töhfə verəcək, eyni zamanda bu
əməkdaşlıq çərçivəsi bir təcrübə kimi digər layihələrin icrasında
istifadə olunacaqdır.
Həm də bu Memorandum birgə təşəbbüslərin tətbiqinə əsaslanan
innovativ sahibkarlığın inkişaf etdirilməsi, dəstəklənməsi və yeni
biznes ideyalarının reallaşdırılması üçün daha geniş imkanlar
yaradacaq.