KOBİA və bp arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Regionlarda gənc sahibkarlığın və aqroturizmin inişafına
dəstək məqsədilə iki yeni layihə həyata keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp arasında
əməkdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb. Sənədi
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və bp-nin Xəzər
regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli imzalayıblar.

Trend-in məlumatına görə,
bununla bağlı martın 13-də “Bakı KOB evi”ndə keçirilmiş tədbirdə
qeyd edilib ki, yeni sənəd KOBİA və bp arasında səmərəli
əməkdaşlığın davamıdır. Yeni memorandum çərçivəsində KOBİA və bp
ölkəmizdə sahibkarlığın dəstəklənməsini hədəfləyən layihələrdə
birgə əməkdaşlıq edəcəklər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov:
KOBİA mikro və kiçik sahibkarlığın inkişafı və onların
dəstəklənməsi istiqamətində regionlarda müxtəlif qurum və
təşkilatlarla birgə layihələr həyata keçirir. bp ilə əməkdaşlıq
çərçivəsində reallaşacaq layihələr də regionlarda yerli icmaların
gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcək, yeni
bizneslərin yaranmasına və özünüməşğulluğa töhfə verəcəkdir. Bu
əməkdaşlıq çərçivəsi həm də təcrübə kimi digər layihələrin
icrasında istifadə oluna bilər. İnanırıq ki, bp ilə birgə
əməkdaşlığımız kiçik və orta sahibkarlığın inkişafına, onların
fəaliyyətinin genişlənməsinə öz əhəmiyyətli töfhəsini
verəcəkdir”.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr
üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:
“Yeni anlaşma
memorandumu imzalamaqla biz yerli bizneslərin inkişafını
dəstəkləmək yönümündə səylərimizi davam etdirmək niyyətindəyik.
Sahibkarlığın İnkişafı Proqramı layihəmiz yerli müəssisələrin
potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir
araya toplamaqda uğurlu olmuşdur. Həqiqətən də, bu proqram yerli
müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri
uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb. İndi isə biz bu
layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə
başlayırıq. Bu əməkdaşlıq vasitəsilə biz Sahibkarlığın İnkişafı
Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik. Yerli
sahibkarlığın inkişafına sərmayə qoyaraq son 15 il ərzində əldə
etdiyimiz nəticələrlə qürur duyur və inanırıq ki, bu sahədə
dəstəyimizi davam etdirmək üçün irəlidə yeni və daha maraqlı
imkanlar açılacaq”.

Tədbir çərçivəsində KOBİA və bp-nin dəstəyi ilə birgə həyata
keçiriləcək iki yeni layihə barədə də məlumat verilib. Qeyd olunub
ki, layihələrdən biri kənd yerlərində gənc sahibkarların inkişafına
dəstək məqsədi daşıyır və Samux, Goranboy və Şəmkir rayonlarında
həyata keçiriləcək. Layihə çərçivəsində aztəminatlı ailələrdən olan
və sahibkarlığa maraq göstərən gənclər seçilərək onlara gələcək
biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçiləcək. Təlmləri
uğurla başa vuracaq gənclərə kiçik bizneslərini qura bilmələri üçün
lazımi avadanlıqlar veriləcək, onlara mentor dəstəyi göstəriləcək.
Layihə “Kənd İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra
olunacaqdır.

Digər layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək
məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr
üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihə
çərçivəsində aqroturizmlə məşğul olan yeddi sahibkarlıq subyektinin
işçi heyəti üçün təlimlər keçiriləcək, mentorluq dəstəyi
göstəriləcək və həmin müəssisələr avadanlıqlarla təchiz olunacaq.
Bundan başqa, ehtiyac olduğu halda həmin sahibkarlıq obyektlərinin
təmirinə də dəstək göstəriləcək. Layihə Regional İnkişaf İctimai
Birliyi tərəfindən icra olunacaqdır.

Tədbirdə həmçinin “Ekvita” şirkətinin, “Kənd İnkişafına Dəstək”
İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin
nümayəndələri sözügedən layihələr barədə məlumat veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir