
Lənkəranda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı
hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, daxil olan şikayət
əsasında, Lənkəran rayonu, Lənkəran şəhəri, Koroğlu küçəsində
fəaliyyət göstərən bazarda fiziki şəxs Hüseynov Elşən Mirzə oğluna
məxsus toyuq emalı sexində Agentlik əməkdaşları tərəfindən
plandankənar yoxlama keçirilib. Baxış zamanı sexin qida
təhlükəsizliyi qeydiyyatına alınmadığı, baytarlıq-sanitariya və
sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, temperatur
rejiminə əməl edilmədiyi, etiketlənmə aparılmadan və
baytarlıq-sanitariya ekspertizası keçirilmədən məhsulların
satışının həyata keçirildiyi, həmçinin avtonom havalandırma
sisteminin mövcud olmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və
digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun
olaraq inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin
tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti
dayandırılıb.
AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi
sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.