
Prezident İlham Əliyevə göstərilən etimad – Qlobal güclər Azərbaycanı seçir
Bakı. Trend:
Hazırda dünya bölünmüş vəziyyətdədir. Ciddi Şərq-Qərq
qarşıdurması müşahidə olunur. Hansı tərəfin qalib gələcəyini, yeni
dünya nizamının planetimizin gələcəyinə necə təsir edəcəyini
əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Artıq dünya xalqları yeni
nizama doğru gedən yolda bir sıra qlobal problemlərlə üzləşməyə
başlayıblar. Belə problemlər sırasında dövlətlərin sərhəd
təhlükəsizliyi, səhiyyə xidmətləri, iqlim problemləri, su qıtlığı,
enerji və nəqliyyat dəhlizləri, ərzaq böhranı və digər məsələlər
var.
Hazırda sadalanan problemlər müzakirə edilməsə, çıxış yolları
axtarılmasa, əməkdaşlıq üçün platformalar formalaşdırılmasa, yeni
dünya nizamı ilə bağlı təhdidlərin daha da artacağını deyə bilərik.
Bu gün bölünmüş və yeni təhdidlərlə üz-üzə olan dünyanın
problemlərini müzakirə etmək üçün platformanın formalaşdırılması da
çətin məsələyə çevrilib. Çünki Şərq-Qərq qarşıdurması fonundan əks
qütblərdə olan dövlətlərin, nüfuzlu maliyyə, iqtisadi və siyasi
qurumların bir-birinə etibarı qalmayıb.
Belə bir inamsızlıq mühitində Azərbaycanın təşəbbüsləri on plana
çıxır. Ona görə ki bu məsələdə hər iki qütbün etimadını qazanmağı
bacarıb. Dünyanın müxtəlif yerlərində qarşıdurma içərisində olan
qlobal güclər planetimizi təhdid edən problemləri müzakirə etmək
üçün Bakını seçirlər. Bakıda 9-11 mart tarixlərində Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı
Forumu da belə seçimlər sırasındadır.
“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən
Forumu yuxarıda sadalanan problemlərin həllinə töhfə vermək
baxımından ən uğurlu platforma hesab etmək olar. Prezident İlham
Əliyev açılış mərasimində Forumun əhəmiyyəti barədə danışmışdı.
Sitat: “Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik
səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq
konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə
heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada
60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq
hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə
bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq.
Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni
yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış
oldum. O, hər zaman olduğu kimi, kifayət qədər genişdir. Proqram
Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla
yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr
mövzusu sırasındadır”.
Açılış mərasimindən sonra təşkil olunan panellərdə qlobal
təhlükəsizliyi təhdid edən bir sıra məsələlər müzakirə olunub.
Həqiqətən də X Qlobal Bakı Forumunda müzakirələr yüksək səviyyədə
keçdi.
“Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə
təsiri” mövzusunda keçirilən paneldə çıxış edən Norveçin keçmiş baş
naziri Xyel Maqne yekunda münaqişələrin tənzimlənməsinin ən yaxşı
metodunun sülh və diplomatiya olduğunu qeyd edib.
Bu məsələdə Azərbaycanın öz təcrübəsi var.
Azərbaycan 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi dövründə
problemin həlli üçün sülh və diplomatiyanı ön planda tutmuşdu. Amma
qarşı tərəf Azərbaycanın sülhpərvər mövqeyinə adekvat reaksiya
vermədiyi üçün münaqişəni güc yolu ilə həll edib qələbə qazandı.
Forumun “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın
təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu
istiqamətdə fəaliyyət” mövzusunda təşkil olunan panelində də
effektiv müzakirələr aparılıb.
Müzakirələr zamanı pandemiyanın fəsadlarına toxunan Bosniya və
Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya bildirib
ki, Azərbaycan COVID-19-dan ölüm səviyyəsinin aşağı olan
ölkələrdəndir. Həqiqətən də Azərbaycanın koronavirusla mübarizə
dövründə tətbiq etdiyi mübarizə metodu dünyaya nümunə göstərilə
bilər. Avropanın ən aparıcı dövlətləri COVİD-19-la mübarizədə
çıxılmaz vəziyyətə düşdüyü zamanda Azərbaycan öz modelini tətbiq
edərək bu qlobal bəladan ən az ziyanla çıxmağı bacardı. Hətta
Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının sədri kimi bir
sıra təşəbbüslərlə çıxış edib, COVİD-19-la mübarizə aparan 80 üzv
dövlətə maliyyə yardımı göstərib. Görüntüyü kimi, Azərbaycan
səhiyyə xidmətləri sahəsində də cəlbedici təcrübəyə sahibdir.
Bundan başqa, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda
keçirilən Forumun panel müzakirələrində Çin mövzusuna da yer
ayrılıb. “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” başlığı
altında keçirilən müzakirələrdə Çinin dünya iqtisadiyyatında artan
rolu, ictimai inkişaf və təhlükəsizliyə təsirindən danışılıb.
Serbiyanın sabiq Prezidenti Boris Tadiç bildirib ki, Çində
inkişafın səbəbi davamlı islahatların aparılmasıdır. Qeyd edilib
ki, bu, Çinin gələcəyi deməkdir və dünyanın inkişafına stimul
verir. Moderator dünyanın qarşılaşdığı problemlər fonunda Çinin
təcrübəsini öyrənməyin önəmini vurğulayıb. O, Çinin “Bir kəmər, bir
yol” layihəsinin əhəmiyyətini qeyd edib, bu layihənin bir çox
ölkələrin inkişafına təsir göstərdiyini bildirib. Məlumdur ki,
Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinin ən mühüm
həlqələrindən biridir. Bu səbəbdən “Orta dəhliz”in mərkəzində
yerləşən Azərbaycan, Çin üçün ən strateji tərəfdaşlardan
sırasındadır. Azərbaycanla əməkdaşlığa ciddi maraq göstərən rəsmi
Pekini Forumda Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin
Almaniyada sabiq səfiri Vu Honqbo təmsil edib.
Paneldə çıxış edən Honqbo X Qlobal Bakı Forumunun mühüm
beynəlxalq platforma olduğunu deyib, bu imkanı yaratdığına görə
Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə
təşəkkürünü ifadə edib. Vu Honqbo bildirib ki, pandemiya, iqlim
dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəldi.
Sitat: “Hazırda planetimizdə qeyri-müəyyənlik və qeyri-sabitlik
müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan
söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal
inkişafdır. Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub.
Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm”.
“Bir kəmər, bir yol” layihəsinin gündəmdə olduğu dövrdə
Azərbaycan nəqliyyat və yeni enerji dəhlizlərinin
formalaşdırılmasında ən fəal dövlətlər sırasındadır.
Bu baxımda Forumun panel müzakirələrindən birinin “Avrasiya
zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusuna
həsr olunması həm Bakı, həm də maraqlı tərəflər üçün böyük
əhəmiyyət kəsb edir. Paneldə Azərbaycanın Avrasiyada müasir
geosiyasi tələblərə uyğun yeni dəhlizlərin yaradılmasındakı
rolundan və bu xüsusda Prezident İlham Əliyevin qitələrarası
inteqrasiyanı daha da genişləndərəcək yeni təşəbbüsləri və Forumun
açılışında bir daha bəyan edilən strateji baxışlarından bəhs
edilib.
Bildirilib ki, təhlükəsiz enerji təchizatına ehtiyac və etibarlı
tərəfdaş kimi ölkəmizə artan maraq Azərbaycanın enerji
infastrukturları və enerji dəhlizlərini şaxələndirməsini təşviq
edir. Bu ehtiyacın yaranacağını əvvəlcədən proqnozlaşdıran
Azərbaycan, enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması
üçün mühüm addımlar atıb. Buna misal olaraq, Azərbaycan ərazisindən
keçən beynəlxalq əhəmiyyətli yolları, qaz və neft kəmərlərini qeyd
etmək olar.
Ümumilikdə Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan
sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq
Avropa ölkəsindən müraciət alıb. Artıq Avropa rəsmiləri
Azərbaycanın “köhnə qitə”i “donmaqdan” xilas etdiyini xüsusilə
vurğulayırlar. Ölkəmiz Avropanın “yaşıl enerji”yə olan tələbatını
ödəmək üçün də xüsusi səy göstərir. Bu məqam Böyük Britaniyanın baş
naziri Rişi Sunakın X Qlobal Bakı Forumuna ünvanlanan məktubunda
xüsusi vurğulayıb.
Sunak bildirib ki, bu gün Azərbaycanın “yaşıl” enerji istehsalı
təşəbbüsü, Qara dənizdən keçən enerji kəməri layihəsi çox vacibdir.
“Böyük Britaniya “yaşıl enerji”yə keçid məsələsində Azərbaycanın
əsas tərəfdaşı olacaq”. Foruma olan xüsusi beynəlxalq maraq
göstərir ki, Azərbaycan Çin, Böyük Britaniya və Avropanın qlobal
siyasətə təsir edən digər böyük dövlətlərinin xüsusi dəstəyini
qazanıb.
Qeyd edilən qlobal güclər əsk qütblərdə olsalar da, Azərbaycanla
bağlı mövqeləri eynidir. Onlar Azərbaycanda əməkdaşlığı seçirlər.
Ümumilikdə bu Forum Azərbaycanın “soyuq müharibə”dən sonra ən
gərgin dövrünü yaşayan, parçalanmış, sağlamlıq və qida problemləri
ilə üz-üzə qalan dünya ölkələrini bir araya gətirməyi bacardığını
göstərir. Rəsmi Bakı bu tipli Forumların əsas təşəbbüskarı olmaqla
dünya barışında oynaya biləcəyi rolu nümayiş etdirir, həmçinin öz
təcrübəsini digər ölkələrlə bölüşür. Dünya gücləri Azərbaycana
sivilizasiyaların toqquşduğu deyil, barışdığı, müzakirələrin
aparıldığı və nəticələrin əldə olunduğu bir platforma kimi
baxır.
Artıq Bakının Qafqazın siyasi Davosuna çevrildiyi rəsmi
təsdiqini tapır. Bütün bunlar Azərbaycanın Prezident İlham Əliyevin
rəhbərliyi altında düzgün hədəflərə yönəldiyini, yeni dünya
nizamında Bakının təşəbbüslərinin nəzər alınacağını bir daha sübut
edir. Yəqin ki, müəyyən müddətdən sonra X Qlobal Bakı Forumundakı
faydalı müzakirələrin yeni dünya nizamının formalaşdırılmasına
təsirinin şahidi olacağıq.