Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu
göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün
həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından
ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı
səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və
dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub
saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri
davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət
veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi
münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin
göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına
verdiyimiz önəmin bariz təzahürüdür.

Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam
tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı
Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər
boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və
qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin,
sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük
tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim
böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani
göstəricisidir.

Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından
məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət
xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə,
eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə
edirəm.

Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac
arasında əlaqələrin inkişaf etdirilməsində və
möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində
xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı
multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz
yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında
ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma
və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə
səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir