
Prezident İlham Əliyevin təşəbbüsləri yeni dünya nizamının konturlarını cızır – Qlobal Bakı Forumunun yekunları
Bakı. Trend:
X Qlobal Bakı Forumu sona çatdığından bu tədbirin uğurunu qeyd
etməyin tam vaxtıdır. Olduqca bölünmüş və yeni təhlükələrlə üzləşən
dünyanın qlobal çağırışlarının müzakirəsi üçün platformanın
yaradılması çətin məsələyə çevrilib. Bu kontekstdə Azərbaycan öz
təşəbbüsləri ilə ön plana çıxır. Beləliklə, Prezident İlham
Əliyevin böyük səyləri nəticəsində son on il ərzində Qlobal Bakı
Forumu dünya liderlərinin inamını qazanmış və qlobal güclərin bir
araya toplaşaraq dünya gündəliyində duran son dərəcə mühüm
məsələləri birgə müzakirə etdikləri, həll yolları axtardıqları,
bir-biri ilə fikir və təcrübə mübadiləsi apardıqları yerə
çevrilib.
Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5
qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23
ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61
ölkədən 360-dək nümayəndə iştirak edib. Dünyada möhtərəm
qonaqlarının bu cür sayı ilə öyünə biləcək platforma çox azdır. Bu
tədbirdə iştirak etmək istəyənlərin sayı isə il ötdükcə yalnız
artır.
Tədbirin ilk günündə iştirakçılara müraciət edən Prezident İlham
Əliyev Forumun proqramının əhatəli olduğunu və Yaxın Şərq, Afrika
və Qərbi Balkanlarla əlaqəli bütün mövzuları, o cümlədən beynəlxalq
gündəliyin mərkəzində duran məsələləri əhatə etdiyini qeyd
edib.
“Onu deyə bilərəm ki, Bakı Qlobal Forumunun iştirakçılarının
təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq
konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə
heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür”, –
Prezident İlham Əliyev deyib.
Sonrakı üç gün ərzində təşkil edilmiş panel müzakirələrdə
iştirakçılar qlobal təhlükəsizlik üçün təhlükə törədən bir sıra
məsələləri müzakirə ediblər.
Forumda geniş müzakirə olunan mövzulardan biri sülh və stabillik
axtarışı və münaqişələrin həlli məsələsi olub. Azərbaycan 44 günlük
müharibə ilə 30 illik münaqişəni həll edərək öz torpaqlarını erməni
işğalından azad edib. Bu sadəcə mühüm nailiyyət deyil, həm də
effektiv siyasi strategiya modelidir. Bu gün, ikinci Qarabağ
müharibəsindən sonra Azərbaycan həmçinin münaqişə sonrası zonaların
necə uğurla bərpa olunduğuna dair nümunə kimi çıxış edə bilər.
Hazırda Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur
layihələr reallaşdırmaqdadır. Bu, bütün dünyadan bir çox tərəfdaşı
cəlb edir. Məsələn, bp kimi şirkətlərin bu prosesə ilk
qoşulanlardan biri olması onların Azərbaycana sadəcə sülhə nail
olmuş bir dövlət kimi deyil, həm bu sülhü qoruyub saxlaya biləcək
ölkə kimi inandığı anlamına gəlir.
Forum iştirakçıları tərəfindən müzakirə olunan daha bir mühüm
məsələ Avrasiyadakı enerji və nəqliyyat dəhlizlərinin rolu olub.
Avropadakı enerji böhranının fonunda Azərbaycanın bu problemin
həllindəki rolu artıb. Prezident İlham Əliyevin forum
iştirakçılarına müraciətində dediyi kimi, Azərbaycan bu baxımdan
həmişə etibarlı tərəfdaş olub. Bu gün 10 Avropa ölkəsi Azərbaycan
qazına çıxış əldə etmək niyyətini bildirib. Yenə də, qlobal enerji
böhranı şəraitində Azərbaycan Avropa Komissiyasının ilk müraciət
etdiyi və qaz tədarükünün artırılması haqqında memorandum
imzaladığı ölkə olub.
Enerji keçidi forum iştirakçılarının müzakirə etməli olduğu
məsələ oldu. Təmiz enerji mənbələrinə keçid Azərbaycanın 2030-cu
ilədək strategiyasının əsas sütunlarından birini təşkil edir.
“Məlumat vermək istəyirəm ki, IX Qlobal Bakı Forumundan
indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri
ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində
Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl
enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı
beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya
çevirəcək. Biz yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək
enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb
və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha
40 qiqavat potensialı da əlavə etmək olar. Bu, dünya enerjisinin
gələcəyidir və Azərbaycanın gələcəyidir. Enerji sahəsində keçid
olduqca sürətli gedir”, – Prezident İlham Əliyev deyib.
Nəqliyyat dəhlizlərinə gəlincə, prinsipcə Azərbaycan bu
məsələnin müzakirəsi üçün ən yaxşı yerdir. Şərq və Qərbin
kəsişməsində yerləşən Azərbaycan bu baxımdan ən əlverişli və
perspektiv ölkələrdən biridir. Ölkənin hazırda reallaşdırdığı
Zəngəzur dəhlizi həm enerji, həm də nəqliyyat dəhlizi kimi
fəaliyyət göstərəcək. Təkcə bu layihə regionun bütün iştirakçıları
üçün böyük imkanlar yaradacaq.
Beləliklə, yuxarıda deyilənləri nəzərə aldıqda Qlobal Bakı
Forumunun dünya liderləri arasında bu cür nüfuz qazanması heç də
təəccüblü deyil. Bu qədər məsələnin vahid tədbir çərçivəsində həlli
onun əhəmiyyətindən xəbər verir. Bütün bunlar bir daha Azərbaycanın
Prezident İlham Əliyevin rəhbərliyi altında doğru istiqamətə
yönəldiyini və yeni dünya nizamında Bakının təşəbbüslərinin nəzərə
alınacağını isbat edir.