Qlobal Bakı Forumu ən aktual müasir çağrışların müzakirə olunduğu beynəlxalq platformaya çevrilib – Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 09-11 mart 2023-cü
il tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X
Qlobal Bakı Forumu keçirilib. Qeyd edək ki, Forumda 4 prezident, 2
baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25
sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər
nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək
nümayəndə iştirak edib.

Prezident İlham X Qlobal Bakı Forumunun açılış mərasimində
çıxışı zamanı bir çox məsələlrə münasibət bildirmiş və mühüm
mesajlar vermişdir. Qeyd olunmuşdur ki, Qlobal Bakı Forumu aparıcı
beynəlxalq forumlardan birinə çevrilib. Nizami Gəncəvinin doğma
Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada
da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Onun
müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və
istedadının təzahürüdür”.

Cənab Prezident Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi
dövründə bu təşkilatın fəaliyyətinin canlandırmağa yönəlmiş
fəaliyyətindən bəhs edərkən qeyd etmişdir ki, bu məqsədlə
Azərbaycan beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil
etmişdir. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi
Sessiyasının təşkilinin təşəbbüskarı olmuşdur. Pandemiya ilə
mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olundu və
daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə
edildi. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr
edildi. Bununla yanaşı, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına
üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım
göstərmişdir. Koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya
Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə
edilmişdir. Qoşulmama Hərəkatının institusional inkişafını təmin
edilməsi məqsədilə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk
dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı.

Cənab Prezident öz çıxışında Azərbaycan-Ermənistan
münasibətlərindən bəhs edərək qeyd etmişdir ki, Ermənistan
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları
Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət
verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının
Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını
tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək
üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan,
sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı
və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik
göstərdi. Hazırda sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında
müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına
başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh
müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim
edildi.

Hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq
şansı yaranıb. Azərbaycan sülh istəyir. Biz hər hansı digər
müharibəni istəmirik. Ötən ilin oktyabrında Azərbaycan ilə
Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də,
bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu
göstərir ki, sülhə nail olmaqda maneə yoxdur.

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda
azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.
Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki,
Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif
etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli
şəkildə yaşadığı ölkədir.

Qarabağda yaşayan erməni əhalisinin hüquqları və
təhlükəsizliyindən bəhs olunarkən qeyd olunmuşdur ki, Azərbaycanın
Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən
fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz
dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında
mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi
bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında artan rolundan danışan cənab Prezident qeyd etmişdir
ki, Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz
ixracını xeyli artırıb. Əgər biz 2019-cu ildə ümumən 19 milyard
kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq
olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək. Cənub Qaz
Dəhlizi istismara verilmişdir. Boru kəmərinin sonuncu hissəsi
2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir
az çox vaxt keçir və biz sistemi genişləndirməliyik – TANAP-ı 16-
dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu,
sırf Avropada artan tələbatla bağlıdır. IX Qlobal Bakı Forumundan
indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri
ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində
Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl
enerji əldə olunacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal
problemlərin həlli yollarını araşdıran və bu barədə dünya
ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib.
Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq
ildən-ilə artmaqdadır. Qlobal Bakı Forumunun əsas məqsədi dünyada
sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olması naminə həyata
keçirilən fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu
Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə
forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm
iqtisadi, həm də siyasi baxımdan dünyada daha yaxından tanınmasına
şərait yaradır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər
Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu daha da
artırır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə
həyata keçirilən tədbirlərdə dünyanın görkəmli siyasətçiləri
iştirak edir. Bütün bunlar Azərbaycanın Beynəlxalq aləmdə rolunu
xeyli dərəcədə gücləndirir. Azərbaycan Respublikası Prezidentinin
himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən
Bakıda ənənəvi olaraq təşkil olunan Qlobal Bakı Forumu dünyanın
üzləşdiyi problemlərin müzakirə olunduğu ən yüksək səviyyəli
beynəlxalq əməkdaşlıq platformasına çevrilmişdir.

Milli Məclisin deputatı

Rauf Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir