
Rəcəb Tayyib Ərdoğan YAP nümayəndə heyətini qəbul edib
Bakı. Trend:
Türkiyə Cümhuriyyətinin Prezidenti, hakim Ədalət və İnkişaf
Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə
olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə
heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.
YAP-dan Trend-ə bildirilib ki, nümayəndə heyətini salamlayan
Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasındakı münasibətlərin
nümunəvi xarakter daşıdığını və uğurla inkişaf etdiyini
söyləyib.
O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyəyə
səfərinin mühüm mənəvi və siyasi əhəmiyyətə malik olduğunu, dostluq
və qardaşlıq örnəyi kimi minnətdarlıq doğurduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan baş vermiş təbii fəlakətin nəticələrinin
aradan qaldırılması istiqamətində göstərdiyi qardaş dəstəyinə görə
Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə təşəkkürünü
bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini
– Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tarixi köklərə və ortaq
dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki
ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji
müttəfiqlik zirvəsinə yüksəldiyini söyləyib.
Azərbaycan ilə Türkiyənin hər zaman bir-birinin yanında olduğunu
vurğulayan YAP Sədrinin müavini qardaş ölkənin zəlzələnin yaratdığı
ağır fəsadları tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.
İki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt
üzrə inkişaf etdiyini diqqətə çatdıran YAP Sədrinin müavini
qarşıdan gələn seçkilərdə Rəcəb Tayyib Ərdoğana rəhbərlik etdiyi
nümayəndə heyəti adından uğurlar arzulayıb.