
26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində panel sessiya keçirilib
Bakı. Trend:
İstanbulda “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar
Vəqfi”nin təşkilatçılığı ilə keçirilən 26-cı Avrasiya İqtisadi
Zirvəsi çərçivəsində “Yeni nizamın təsirləri. Siyasiləşdirilmiş
enerji təchizatı böhranı dəyişikliklərin xəbərçisidirmi?”
movzusunda panel sessiyada energetika nazirinin müşaviri Zəminə
Əliyeva da çıxış edib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, çıxışda
enerji və geosiyasətin bağlılığında enerji çatışmazlığı, enerji
tədarükü sistemində pozulmalar, qiymətlərdəki volatillik, neft-qaz
axınları xəritəsinin yenidən tərtib edilməsi yeni enerji nizamının
göstəriciləri kimi qeyd edilib. Bildirilib ki, belə bir enerji
düzənində prioritet məsələ enerji təhlükəsizliyidir. Neft-qaz
resurslarından, onların təchizatçılarından asılılığa son qoyulması,
təchizat boşluğunu qaza tələbatın azaldılması ilə kompensasiya
cəhdləri dayanıqlı enerji təhlükəsizliyinə zəmanət vermir. Ona görə
də yaşıl enerji layihələrinə investisiyalar artırılarkən neft-qaz
sektorunda investisiya boşluğunun həlli də düşünülməlidir. Bir
mənbədən asılılığın riskli olduğu, bu səbəbdən də təbii qaz və
bərpa olunan enerjidən istifadənin vəhdətdə inkişafının gözlənilməz
risklərdən sığortalanmağın qarantı ola biləcəyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan bu gün Avropanın enerji təchizatını
şaxələndirən ölkədir: “Azərbaycan kritik dövrdə qısamüddətli
missiyasını Türkiyə ilə enerji birliyinin nailiyyəti olan Cənub Qaz
Dəhlizi sayəsində uğurla yerinə yetirib. İndiyə kimi TANAP və TAP
vasitəsilə Türkiyə və Avropaya 43 mlrd. m3-ə yaxın qaz
tədarük edilib”.
Bildirilib ki, ölkəmiz irəlidə xarici investorlarla birgə
reallaşdırılan ümumi gücü 25 QVt-dan çox bərpa olunan enerji
layihələri ilə Avropanı yaşıl enerji və yaşıl hidrogen ilə təchiz
etməyi planlaşdırır. Bu məqsədlə gündəmdə olan əsas layihələr
haqqında danışılıb və vurğulanıb ki, bunlar Azərbaycanın
tərəfdaşlarının enerji və ekoloji təhlükəsizliklərinə töhfə verən
uğurlu enerji siyasətinin daha bir təsdiqidir.