
Avropa Yenidənqurma və İnkişaf Bankı bu il üzrə Azərbaycan iqtisadiyyatında artım proqnozunu açıqlayıb
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan
iqtisadiyyatında 2,5 faiz səviyyəsində artım proqnozlaşdırır.
Trend-in məlumatına görə, bu barədə AYİB-in Azərbaycan
nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.
Onun sözlərinə görə, bank mütəxəssisləri gələn il Azərbaycan
iqtisadiyyatında 2,7 faiz artım gözləyirlər.
“Bank neft-qaz sektorunun inkişafına, xüsusən bərpa olunan
enerji mənbələri, “yaşıl” iqtisadiyyat sahəsində layihələrə xüsusi
önəm verir. Misal üçün, 2022-ci ildə AYİB Azərbaycanda
tullantıların emalı zavodunun tikilməsi və Gəncə şəhərində
işıqlandırma sisteminin yenilənməsi haqqında razılaşma əldə edib.
Biz həmçinin Aztelekomla 280 min abunə üçün internet
infrastrukturunun yaradılması haqqında razılaşma əldə etmişik. Bu
layihənin dəyəri 50 milyon dollar təşkil edir. Kredit hər biri 25
milyon dollar olmaqla iki qoldan ibarət olacaq. AYİB özəl sektorda
yerli təşkilata tullantılardan batareya istehsal etməkdə köməklik
göstərəcək”, – K.Mahmudova deyib.
O həmçinin bankın Azərbaycanda startap müsabiqəsini tətbiq
etdiyini və burada üç Azərbaycan şirkətinin hər birinin 50 min avro
dəyərində qrant əldə etdiyini qeyd edib.