
Azərbaycan və Almaniya birlikdə əməkdaşlığın genişləndirilməsinə yol açır – Prezident İlham Əliyevin Berlin səfəri
Bakı. Trend:
Azərbaycan dünya arenasında ön sıralarda olmağa davam edir və
getdikcə Avropa üçün daha cəlbedici tərəfdaşa çevrilir. Prezident
İlham Əliyevin 13-14 mart tarixlərində Almaniyaya işgüzar səfəri
Azərbaycanın son illərdə Avropa üçün əhəmiyyətinin necə artdığının
daha bir nümunəsidir.
Səfər çərçivəsində aparıcı alman şirkətlərinin nümayəndələri ilə
planlaşdırılmış görüşlər, həmçinin Almaniya Prezidenti Frank Valter
Ştaynmayer və Almaniyanın federal kansleri Olaf Şoltsla görüşlər
Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişafına
daha da təkan verəcək.
Azərbaycanla Almaniya arasında hüquqi və müqavilə bazası
yetərincə genişdir. Hazırda 77 sənəd imzalanıb, 7 sənədin layihəsi
isə baxışdan keçirilməkdədir.
Bu əməkdaşlıq həqiqətən Azərbaycanın Avropa İttifaqı (Aİ)
üzvləri ilə münasibətləri arasında ən uğurlu olanlardandır. İki
ölkə arasında iqtisadi əməkdaşlıq son 30 il ərzində yüksək
nəticələrə gətirib çıxarıb. Azərbaycanda 200-dən artıq alman
şirkəti qeydiyyatdan keçib ki, bunların təqribən 170-i
Azərbaycan-Almaniya Ticarət Palatasının üzvüdür. Bu şirkətlər
energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya,
tikinti, bank işi, sığorta, ticarət və servis kimi sahələrdə
fəaliyyət göstərirlər.
Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsi 2022-ci ildə
1,25 milyard dollar təşkil edib ki, bunun 591,3 milyon dolları
Azərbaycan ixracının, 663,5 milyon dolları isə idxalının payına
düşür. Son il ərzində Almaniya Azərbaycanın xarici ticarətində
8-ci, Azərbaycana ixrac edən ölkələr arasında isə 4-cü yer
tutub.
Almaniyaya Azərbaycan neftinin tədarükü ümumi ticarət həcmində
əsas dayaq nöqtələrindən biridir. Beləliklə, ötən il Almaniyaya
neft ixracının həcmi 881,4 milyon ton, dəyəri isə 563,7 milyon
dollar təşkil edib. Eyni zamanda 2022-ci ildə Almaniya Azərbaycan
neftinin 10 əsas idxalçıları siyahısına daxil olub.
İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək sürətlə
inkişaf edir. Hələ 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) və Almaniyanın qaz treyderi Uniper SE qaz tədarükü üzrə
uzunmüddətli müqavilə bağlayıblar.
Azərbaycan qazını Avropaya nəql edən Cənub Qaz Dəhlizi işə
salındıqdan etibarən Uniper bazardakı əsas alıcılardan biridir. Bu,
şirkətin qaz satınalması üzrə 2045-ci ilədək davam edəcək
uzunmüddətli layihəsidir. Bugünədək Uniper-ə tədarük olunan
Azərbaycan qazının həcmi 3,1 milyard kubmetrdir. Ötən il SOCAR
Almaniyaya 1,7 milyon xam neft ixrac edib.
Bundan başqa, 2016-cı ildə SOCAR və Uniper Azərbaycanda enerji
səmərəliliyi üzrə layihələrin hazırlanması məqsədilə birgə müəssisə
yaradıblar. İlk layihə Sumqayıtda “Azərkimya” istehsal birliyinin
kimya zavodunda buxar və elektrik enerjisi istehsalı kompleksinin
təkmilləşdirilməsi və istismarından ibarət idi. Layihənin 2023-cü
ilin yayınadək tamamlanacağı gözlənilir. Zavodda istehsal olunan
elektrik enerjisi SOCAR müəssisəsinə, daha sonra isə Azərbaycanın
elektrik şəbəkəsinə tədarük olunacaq.
Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpası
prosesinə gəlincə, alman şirkətlərinin xüsusən Almaniyanın ənənəvi
olaraq çox güclü olduğu bərpa olunan enerji mənbələri,
maşınqayırma, avtomobil sənayesi, kimya sənayesi və elektronika
sektorlarında iştirakı üçün böyük potensial mövcuddur. Bərpa olunan
enerji mənbələri ilə uzlaşan “ağıllı” şəhər və kəndlər konsepsiyası
da Almaniya üçün maraq təşkil edən sahələrdən biridir.
İki ölkə arasında turist axını son illər ərzində əhəmiyyətli
dərəcədə artıb. 2022-ci ildə Azərbaycana səfər edən almanların sayı
təqribən üç dəfə artaraq 14 426 nəfər olub. Eyni zamanda ötən il
Almaniyaya səfər edən azərbaycanlıların sayı 21 791 nəfər olub ki,
bu da 2021-ci illə müqayisədə 4 dəfə çoxdur.
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya
strateji tərəfdaşlığının hərtərəfli və irəliləyən inkişafının
parlaq nümunəsi olmaqla iki ölkə arasında münasibətlərdə yeni
səhifə açır.
Bu səfər Azərbaycanın özünün iqtisadi və geostrateji
üstünlüklərindən səmərəli şəkildə istifadə edərək Cənubi Qafqazda
əməkdaşlıq üçün getdikcə daha çox tərəfdaş cəlb edən aparıcı ölkəyə
çevrildiyindən xəbər verir.